EN

Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda müəyyənləşir

Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda müəyyənləşir, ağaclar dəyəri ödənilməklə kəsiləcək, kollar üçün isə ödəniş alınmayacaq.

 

Bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün videokonfrans formatında keçirilən iclasında müzakirəyə çıxarılan “Yaşıllıqların mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Layihəyə əsasən, məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqlar kənd təsərrüfatı fəaliyyətinə mane olduqda yaşıllıqların götürülməsinə yol veriləcək. Bu halda yaşıllıqların götürülməsi (kəsilməsi) ağaclara münasibətdə onların bərpa dəyərini təşkil edən vəsaitlər ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra həyata keçirilməlidir.

 

Layihəyə əsasən, bu halda kol, gül-çiçək və ot bitkilərinin kəsilməsinə görə bərpa dəyəri ödənilməyəcək.

 

Kolların kəsilməsi ilə bağlı isə məlumatlandırma icraatı həyata keçirilməlidir.

 

Ərizəçi tərəfindən kolların kəsilməsindən əvvəl müvafiq məlumatlar təqdim olunur. Yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsi qadağandır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 10 (on) təqvim günü müddətində həmin kolların kəsilməsinə dair irad ərizəçiyə təqdim edilmədikdə, ərizəçi kolların kəsilməsini həyata keçirə bilər. İrad olduqda, həmin irad normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.

 

Qeyd edək ki, hazırda ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda da yaşıllıqların götürülməsinə yol verilir. Təklif olunan dəyişikliyə görə, bu halda da ağaclara münasibətdə onların bərpa dəyərini təşkil edən vəsaitlər ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra prosesin həyata keçirilməsi şərti müəyyənləşir.

 

Layihədə ağac və kol anlayışları da əksini tapıb.

 

Əgər hazırda yaşıllıqların götürülməsi qanunda icazə verilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbir sayılırdısa, yeni təklif oluna dəyişikliklərlə əlaqədar bu sıraya ağac, kol və digər bitkilərin bərpa edilmədən kəsilməsi daxil edilir.

Tarix: 4 May 2026, 12:20   
Chosen
4
8
pravda.az

9Sources