EN

“Əlilliyi olan uşaqların sağlamlığının qorunması” layihəsinin icrasına start verildi

“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi 01 may 2026-cı il tarixindən etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi-nin maliyyə dəstəyi ilə “Əlilliyi olan uşaqların sağlamlığının qorunması” layihəsinin icrasına başlamışdır.

QHT.az sspwd.az-a istinadən xəbər verir ki, layihənin əsas məqsədi əlilliyi olan uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılması, onların motor bacarıqlarının inkişaf etdirilməsi, fiziki aktivliyinin artırılması və gündəlik həyatda daha müstəqil hərəkət etmə qabiliyyətlərinin gücləndirilməsidir. Eyni zamanda layihə valideynlərin, xüsusilə anaların reabilitasiya prosesində daha aktiv iştirakını təmin etməklə uşaqların ev şəraitində də davamlı dəstək almasına şərait yaradır.

Layihə çərçivəsində iştirakçı analara mütəxəssislər tərəfindən bir sıra praktik və nəzəri təlimlər keçiriləcək. Təlim proqramına aşağıdakı istiqamətlər daxildir:
Kineziolentləmə (kinesio taping) texnikaları
Müvazinətin düzgün tənzimlənməsi
Postural vəziyyətin korreksiyası
Yürüşün düzgün formalaşdırılması və korreksiyası
Digər reabilitasiya yönümlü praktik bacarıqlar
Layihə müddətində ümumilikdə:
8 ədəd kineziolentləmə təlimi
4 ədəd müvazinətin düzgün tənzimlənməsi üzrə təlim
4 praktik tətbiq günü keçirilməsi nəzərdə tutulur. Təlimlər tibb mütəxəssisi tərəfindən aparılacaq və valideynlərin övladlarının reabilitasiyasında praktiki bacarıqlarını artırmağa yönələcək.
Layihənin icrası nəticəsində valideynlərin reabilitasiya sahəsində bilik və bacarıqlarının gücləndirilməsi, uşaqlarda isə fiziki inkişaf göstəricilərinin yaxşılaşması, motor funksiyaların artması, motivasiyanın yüksəlməsi və ümumi həyat keyfiyyətinin yaxşılaşması gözlənilir.
Layihə 31 iyul 2026-cı il tarixinədək davam edəcək. Layihənin sonunda iştirakçılarla yekun qiymətləndirmə aparılacaq, əldə olunan nəticələr təhlil ediləcək və valideynlərin bilik səviyyəsi ölçüləcək.
“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi bu layihə vasitəsilə cəmiyyətdə inklüziv yanaşmanın gücləndirilməsinə, əlilliyi olan uşaqların sosial və fiziki reabilitasiyasına dəstək verməyə davam edir.

Chosen
22
3
qht.az

4Sources