EN

Heydər Əliyev irsi: Şanlı Zəfərdən parlaq gələcəyə

Laçında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi: Şanlı Zəfərdən parlaq gələcəyə” mövzusunda tədbir keçirilib.

Yeni Azərbaycan Partiyasından (YAP) AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov qeyd edib ki, uzun illər həsrətində olduğumuz Laçın bu gün azaddır, bərpa olunur və sürətlə inkişaf edir. Bu torpaqların azad olunması Azərbaycan xalqının birliyinin, güclü dövlətin və qətiyyətli liderliyin bariz nümunəsidir.

“Ümummilli Lider Heydər Əliyev Laçının strateji əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, bu rayon Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü baxımından xüsusi önəm daşıyır. Bu baxış bu gün də öz təsdiqini tapır. Prezident İlham Əliyev tərəfindən bu siyasi kurs uğurla davam etdirilir və Azərbaycan daha da güclənir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir",- deyə nümayəndə vurğulayıb.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bugünkü tədbirin dirçəliş və inkişaf mərhələsinə qədəm qoyan Laçında keçirilməsi xüsusi rəmzi məna daşımaqla həm tarixə ehtiramın, həm də gələcəyə inamın ifadəsidir: “Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində ölkəmizin ərazi bütövlüyü və mütləq suverenliyinin təmin olunması xalqımızın milli qürurunun bariz təcəssümü və dövlətçilik tariximizin şanlı səhifəsi olmaqla, vaxtilə “bütün işğal olunmuş torpaqlar Azərbaycan xalqının iradəsi, qəhrəman oğulların şücaəti ilə azad olunacaq”, - deyən Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyalarının təntənəsidir”.

Tədbirdə YAP Laçın rayon təşkilatının ictimai-siyasi həyatında uğurlu fəaliyyətinə görə bir qrup şəxsə fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilmiş inşa, bədii qiraət və mahnı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Daha sonra tədbir iştirakçıları Laçın rayonunun Sus kəndində ağacəkmə aksiyasında iştirak ediblər.

2Sources