ABŞ, Rusiya və Çin kimi üç qlobal güc mərkəzinin, NATO üzvü olan Avropa ölkələrinə qarşı eyni vaxtda sərt və təhdidkar mövqe tutması qətiyyən təsadüfi deyil... Qərbdə əsas qənaət odur ki, əgər, Avropa ölkələri yaxınlaşan təhlükəyə vaxtlnda və qətiyyətli reaksiya verməsələr, "qoca qitə"nin gələcək taleyi böyük risk altında qalacaq...
Yaxın Şərqdə hərbi böhran yeni və qeyri-müəyyən mərhələyə transformasiya etməyə başlayıb. Belə ki, ABŞ prezidenti Donald Tramp hərbi əməliyyatların sona çatması barədə Konqresə məlumat verib. Halbuki, bir müddət öncə Tramp administrasiyası ABŞ Konqresindən Yaxın Şərqdə savaşın davam etdirilməsi üçün əlavə 200 milyard dollarlıq maliyyə ayrılmasını istəmişdi. Və ABŞ siyasi elitasının, eləcə də, cəmiyyətin kəskin etirazları ilə üzləşən Tramp administrasiyası indi ən azından müvəqqəti də olsa, taktiki geri çəkilməyə məcbur qalmış kimi görünür.
Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın nisbətən geri atmasında qlobal güc balansının dəyişməyə doğru yönəlməsinin də birbaşa rolu olmamış deyil. Ona görə də, hazırda qlobal məkanda ABŞ-İran xəttindəki kəskin hərbi-siyasi gərginlik, NATO-da daxili böhranı və kollektiv Qərbin parçalanmasından Avropanın ciddi narahatlığı paralel mövzular kimi müzakirə olunur. Və bu baxımdan, ABŞ-ın İran qarşı hərbi əməliyyatların dayandırıldığını rəsmi şəkildə elan etməsi beynəlxalq gündəmdə önəmli dönüş nöqtəsi kimi qiymətləndirilir.
Ancaq müşahidələr onu göstərir ki, prezident Donald Tramp tərəfindən Konqresə göndərilən məktubda, fevralın 28-də başlanmış hərbi əməliyyatların artıq “dayandırıldığı” bildirilsə də, Ağ Ev Yaxın Şərq regionunda hərbi mövcudluğunu qoruyub, saxlamaq niyyətindədir. Ona görə də, Ağ Ev sahibinin savaşı dayandırma bu qərarının daha çox taktiki manevr xarakteri daşıya biləcəyi qətiyyən istisna deyil. Prezident Donald Trampın hərbi əməliyyatların yenidən başlaya biləcəyininə də eyham vurmasını da nəzərə aldıqda, bu addım əslində, ABŞ-ın Yaxın Şərq siyasətində artıq yeni mərhələyə keçidin baş verdiyini göstərir.
Digər tərəfdən, bu məsələnin hüquqi tərəfi də böyük maraq doğurur. Belə ki, ABŞ mətbuatı xatırladır ki, ölkə qanunvericiliyinə uyğun olaraq, prezident hərbi əməliyyatları Konqresin açıq icazəsi olmadan, yalnız 60 gün ərzində davam etdirə bilər. Və ona görə də, məhz həmin müddətin başa çatdığı son gündə Ağ Ev sahibi tərəfindən göndərilən məktub formal olaraq, ABŞ qanunvericiliyinin tələblərinə əməl edildiyini göstərir.
Ancaq Qərb ekspertlərinin qənaətinə görə, Ağ Ev sahibi Donald Trampın bu qərarı mahiyyət etibarilə hərbi əməliyyatların tam dayandırılmasından daha çox, onların reallaşdırılma formasının dəyişdirilməsi deməkdir. Yəni, ABŞ regionda hərbi iştirakını saxlayaraq, bir tərəfdən İrana qarşı təzyiq rıçaqlarını qoruyur. Digər tərəfdən isə istənilən vaxt hərbi eskalasiyanı yenidən aktivləşdirmək imkanını da öz əlində saxlayır.
Ona görə də, Yaxın Şərqdə savaşın yaxın vaxtlarda yenidən bərpa ehtimalının istisna olmadığını nəzərə aldıqda, prezident Donald Trampın NATO ilə bağlı sərt bəyanatları indi xüsusi diqqət çəkir. Belə ki, Ağ Ev sahibi bu hərbi-siyasi alyansı “kağız pələng” adlandırmaqla kifayətlənmir. Onun ABŞ-ın ənənəvi müttəfiqlərini açıq şəkildə tənqidlərlə yanaşı, həm də təhdid etməsi yalnız emosional ritorika deyil. Və bu, artıq Ağ Ev tərəfindən yürüdülməyə başlamış daha dərin strateji xəttin ifadəsi kimi görünür.
Məsələ ondadır ki, ABŞ-a dəstək verilməməsindən ciddi şəkildə narazı qalan Ağ Ev uzun müddətdən bəri NATO üzvü olan Avropa ölkələrindən öz müdafiə xərclərini artırmağı tələb edir. Eyni zamanda, Tramp administrasiyası kollektiv Qərb düşərgəsi daxilində ortaq təhlükəsizlik məsuliyyətinin daha ədalətli bölüşdürülməsinə də çalışır. Və bu yanaşma tərzi isə transatlantik münasibətlərdə ciddi çatların yaranmasına gətirib çıxarır, hətta NATO-nun gələcək belə, sual altında qoyur.
Təbii ki, Avropa ölkələri isə bu prosesləri, xüsusilə də, Tramp administrasiyasının NATO-ya ardıcıl hücumlarını ciddi narahatlıqla izləyir. Hətta bu barədə açıqlama verən Fransa prezidenti Emmanuel Makron hazırkı mərhələnin “unikal” olduğunu vurğulayıb. Belə ki, Fransa prezidenti ABŞ, Rusiya və Çin kimi üç böyük gücün eyni vaxtda Avropa ölkələrinə qarşı sərt mövqe sərgiləməsinin qətiyyən təsadüf olmadığını qabardıb.
Avropa məkanında hegemonluq planları quran Fransanın prezidenti Emmanuel Makron Avropa ölkələrini "oyanmağa" çağırıb. Onun fikrincə, yaxınlaşan böyük təhlükəyə vaxtlnda reaksiya verilməzsə, sonra çox gec ola bilər. Son vaxtlar kifayət qədər geniş yayılmış belə mesajlar əslində, Avropa ölkələrinin getdikcə artan strateji təcrid qorxusunun açıq ifadəsidir.
Maraqlıdlr ki, mövcud vəziyyət Avropa ölkələri üçün çoxşaxəli təhlükəsizlik riskləri yaradır. Belə ki, son vaxtlar bir tərəfdən, ABŞ-ın əvvəlki qəti təhlükəsizlik təminatçısı rolundan qismən geri çəkilməsi müşahidə olunur. Digər tərəfdənsə, Rusiya ilə davam edən geopolitik qarşıdurma və Çinlə dərinləşən iqtisadi rəqabət Avropanın manevr imkanlarını məhdudlaşdırır. Və ona görə də, Avropa Birliyi indi öz strateji muxtariyyətini gücləndirmək zərurəti ilə üz-üzə qalıb.
Ona görə də, bütün bu proseslər qlobal miqyasda daha geniş hərbi-siyasi transformasiyanın tərkib hissəsi kimi görünür. Yəni, müasir beynəlxalq münasibətlər sistemi artıq tədricən klassik blok qarşıdurmasından uzaqlaşır. Əvəzində isə dağılmaqda olan köhnə sistem tədricən yeni ittifaqlara əsaslanan çoxqütblü modelə doğru irəliləyir.
Göründüyü kimi, ABŞ daha praqmatik xarici siyasət yürütməyə çalışır, Avropa ölkələri isə yeni təhlükəsizlik arxitekturası axtarışındadır. Rusiya və Çin isə bu boşluqlardan istifadə edərək, öz qlobal təsir dairələrini genişləndirməyə çalışırlar. Və bu baxımdan, ABŞ-ın İrana qarşı hərbi əməliyyatları dayandırması, NATO daxilində dərinləşən ziddiyyətlər və Avropa ölkələrinin narahatlıq mesajları eyni geopolitik prosesin müxtəlif təzahürləri kimi görünür.
Yəni, müasir dünya yeni mərhələyə daxil olur, köhnə hərbi-siyasi ittifaqlar zəifləyir. Beynəlxalq güc balansı yenidən formalaşır və qlobal sistem daha qeyri-sabit xarakter alır. Və bu isə yaxın perspektivdə həm regional, həm də beynəlxalq səviyyədə yeni hərbi gərginlik "ocaqlar"ının yaranma ehtimalını artırır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
