Fiziklər kvant mexanikasının qaydalarına əsasən, keçmişə məlumat göndərməyin nəzəri olaraq mümkün ola biləcəyini bildirirlər. Zaman səyahəti uzun illər elmi fantastika filmlərinin mövzusu olsa da, tədqiqatçılar bu ideyanın fizika qanunlarına tamamilə zidd olmadığını vurğulayırlar.
Fzikada “qapalı zamana bənzər əyrilər” adlanan anlayışa görə, bir obyekt gələcəyə səyahət edə və sonra keçmişə qayıdaraq başlanğıc nöqtəsinə çatdıra bilər.
Bu cür strukturlar nəzəri cəhətdən mümkündür, lakin onları yaratmaq böyük enerji tələb edir.
Tədqiqatçılar hesab edirlər ki, bu cür zaman dövrələri kvant fizikası çərçivəsində, kiçik miqyasda baş verə bilər. Kvant dolaşıqlığı fenomenində iki hissəcik bir-birinə bağlanır və birində baş verən dəyişiklik aralarındakı məsafədən asılı olmayaraq, digərini təsir edə bilir. Albert Eynşteyn bunu “məsafədəki qorxulu hərəkət” adlandırmışdı.
Bəzi alimlər isə bu qarşılıqlı təsirin hissəciklərin keçmişə mesaj göndərməsi ilə izah oluna biləcəyini iddia edirlər. 2010-cu ildə Set Lloyd və komandası dolaşıq hissəciklərdən istifadə edərək bir fotonu keçmişə göndərmə təcrübəsi aparmış, onun keçmiş versiyasına təsir göstərməyi sınaqdan keçirmişdi.
Yeni tədqiqatın müəlliflərindən Kaiyuan Ji bu prosesi məşhur “Ulduzlararası” filmindəki səhnəyə bənzədib. Filmdə bir personaj saat vasitəsilə keçmişdə qızına mesaj göndərir. Tədqiqatçılar bu tip sistemlərin “səbəb dövrəsi” adlanan quruluşla işlədiyini bildirirlər.
Tədqiqatçılar qeyd edirlər ki, belə sistemlərdə rabitə xətləri “səs-küylü” olsa da, keçmişə göndərilən mesajlar hələ də deşifrə edilə bilər və hətta normal ünsiyyətdən daha aydın başa düşülə bilər.
Tədqiqatlar hələ ilkin mərhələdə olsa da, fizikanın bəzi qanunlarının fantastik görünən zaman səyahətini nəzəri cəhətdən mümkün etdiyini göstərir.
Qafqazinfo



