EN

Afrika Biznes Şurasının prezidenti Bakıya səfər edib

Afrika Biznes Şurasının prezidenti Dr. Amany Asfour Bakıya səfər edib — ilk dəfə keçirilən Africa Week tədbirində iştirak edir

Bu barədə QHT.az Africa–Azerbaijan Cooperation təşkilatının təsisçisi və sədri Rəna Qəfərova  məlumat verib.

O, bildirib ki,  Afrika Biznes Şurasının (Africa Business Council) prezidenti, tanınmış beynəlxalq iqtisadçı və sahibkar Dr. Amany Asfour Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə səfər edib. Onun səfəri Bakıda ilk dəfə təşkil olunan “Africa Week” — Afrika Həftəsi beynəlxalq tədbirində iştirak məqsədi daşıyır.


"Dr. Amany Asfour hazırda Afrika qitəsində biznes və investisiya əməkdaşlığının inkişafı istiqamətində fəaliyyət göstərən nüfuzlu beynəlxalq liderlərdən biridir. O, Africa Business Council təşkilatının prezidenti kimi Afrika ölkələri arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, qadın sahibkarlığının inkişafı və regional iqtisadi inteqrasiyanın təşviqi sahəsində mühüm təşəbbüslərin müəllifi kimi tanınır. Dr. Amany Asfour beynəlxalq biznes platformalarında fəal iştirak edir və Afrika ölkələrinin qlobal iqtisadi sistemə inteqrasiyası istiqamətində mühüm layihələrin həyata keçirilməsinə dəstək verir."


Məlumat üçün bildiririk ki, 05–08 may 2026-cı il tarixlərində Bakı şəhərində ilk dəfə olaraq “Africa Week” — Afrika Həftəsi beynəlxalq tədbiri keçiriləcəkdir. Bu tədbir Africa–Azerbaijan Cooperation təşkilatı tərəfindən təşkil olunur və Azərbaycan ilə Afrika ölkələri arasında iqtisadi, ticarət, investisiya, kənd təsərrüfatı, təhsil və səhiyyə sahələrində əməkdaşlığın inkişafına yönəlmiş mühüm beynəlxalq platforma hesab olunur. Tədbirdə Afrikadan 50-dən çox sahibkardan ibarət nümayəndə heyətinin iştirak etməsi planlaşdırılır.


“Africa Week” tədbiri çərçivəsində Caspian Agro Week 2026 beynəlxalq sərgisi daxilində ilk dəfə olaraq Afrika stendi (Africa Pavilion) yer alacaqdır. Afrikadan iştirak edən sahibkarlar öz məhsullarını bu stenddə təqdim edəcək, eyni zamanda yerli sahibkarlarla birbaşa görüşlər keçirərək yeni biznes əlaqələrinin qurulması istiqamətində müzakirələr aparacaqlar.


Tədbir çərçivəsində ilk dəfə olaraq Azərbaycan–Afrika Biznes Paneli, həmçinin tibbi turizm və səhiyyə əməkdaşlığı, eləcə də təhsil və akademik mübadilə istiqamətləri üzrə görüşlər və təqdimatlar keçiriləcəkdir. Bu tədbirlər Azərbaycan və Afrika ölkələri arasında yeni investisiya imkanlarının formalaşmasına, ticarət əlaqələrinin genişlənməsinə və uzunmüddətli tərəfdaşlıqların qurulmasına xidmət edəcəkdir.
 

Africa–Azerbaijan Cooperation təşkilatının təsisçisi və sədri Rəna Qəfərova bütün sahibkarları, şirkət nümayəndələrini və işgüzar dairələri ölkəmizdə keçiriləcək “Africa Week” beynəlxalq tədbirində fəal iştirak etməyə dəvət edib. O bildirib ki, bu tədbir Azərbaycan sahibkarları üçün Afrika bazarına çıxış əldə etmək, yeni tərəfdaşlarla tanış olmaq, öz məhsul və xidmətlərini təqdim etmək və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək baxımından unikal fürsətdir.


Rəna Qəfərova qeyd edib ki, “Africa Week” təşəbbüsü Azərbaycan ilə Afrika ölkələri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni mərhələnin başlanğıcı olacaq və bu platforma gələcəkdə iki region arasında ticarət və investisiya əlaqələrinin daha da inkişafına mühüm töhfə verəcəkdir.

Chosen
17
50
qht.az

10Sources