EN

Bir məsud ömür yolu: Məsud Mahmudov 75

Bakupost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Alim ömrü sadəcə illərlə ölçülmür. O, gördüyü işlərlə, yetişdirdiyi insanlarla, qoyduğu izlərlə ölçülür. Elə ömürlər var ki, zamanın içində yaşasa da, zamanın fövqündə dayanır. Onlar təqvimin səhifələrində deyil, yaddaşın qatlarında yaşayır.

Belə ömürlər təkcə yaşanmır, mənaya çevrilir, dəyər qazanır və yaşandıqca daha da dolğunlaşır. Bu, artıq zamanın axarında itən yox, zamanın içində məna qazanan ömürdür. AMEA Nəsimi adına Dilçilik İnstitutunda uzun illər çiyin-çiyinə çalışdığım professor Məsud Mahmudovun ömrü məhz belə ömürlərdəndir – yaddaşa çevrilmiş, elmə hopmuş və Azərbaycan elmi düşüncəsində davam edən bir ömürdür.

Belə ömürlərdə zaman xətti dərinlik qazanır. Hər il yalnız keçilmiş məsafə deyil, həm də mənəvi və intellektual qat yaradır. Bu baxımdan Məsud Mahmudovun ömrü bir insan həyatından daha artıq olub formalaşan, inkişaf edən və başqalarına ötürülən bir düşüncə tarixidir. Bu düşüncə tarixində elm də var, həyat fəlsəfəsi də, insanın özünü dərk etməsi də.

1951-ci ilin mayında başlayan bu ömür yolu taleyin və zəhmətin kəsişdiyi nöqtədə formalaşmışdır. O, müəllim ailəsində böyüyərək erkən yaşlarından intellektual mühitin içində yetişmiş, düşüncə ilə həyatın vəhdətini ilk addımlarından dərk etmişdir. Bu başlanğıc sadəcə bir ömrün başlanğıcı deyildi, sonradan Azərbaycan dilçiliyində yeni istiqamətlərin yaranmasına gətirib çıxaran böyük bir elmi yolun ilkin mərhələsi idi.

Bu mühitdə formalaşan insan üçün elm təsadüfi seçim olmur, daxili zərurətə çevrilir. Məsud müəllimin həyatında da bu aydın görünür. O, elmə gəlmədi, elm onun həyatının məntiqi davamı oldu.

Həyat yolunda təsadüfi addım demək olar ki, yoxdur. Seçimləri düşünülmüş və məqsədli olmuş, hər mərhələ növbəti mərhələyə aparan ardıcıl inkişaf xətti təşkil etmişdir. Riyazi düşüncə ilə filoloji təfəkkürün sintezi də məhz bu daxili istiqamətin təzahürüdür. Bu, sadəcə iki fərqli ixtisas sahəsinin birləşməsi deyil, iki müxtəlif idrak modelinin qarşılıqlı təsiri və vəhdətidir. Bakı Dövlət Universitetində aldığı klassik filoloji təhsil ilə Leninqrad məktəbində qazandığı riyazi dilçilik hazırlığı onun elmi portretini müəyyənləşdirdi.

Həmin sintez nəticəsində Azərbaycan dilçiliyində formal və kompüter dilçiliyi istiqaməti sistemli şəkildə inkişaf etmişdir. Bu, yalnız yeni bir sahənin yaranması deyildi, dilin formal və tətbiqi baxımdan araşdırılmasının güclənməsi və sistemli xarakter alması demək idi. Nəticə etibarilə dil artıq yalnız təsvir edilən obyekt kimi deyil, modelləşdirilə bilən struktur kimi nəzərdən keçirilməyə başladı.

Beləliklə, onun həyat yolunda hər seçim ayrıca hadisə kimi deyil, sistemli elmi düşüncənin formalaşması və tətbiqinə yönəlmiş vahid xəttin mərhələləri kimi çıxış edir.

Bu məntiqi xətt onun sonrakı elmi fəaliyyətində də davam edir və nəzəri ümumiləşdirmə ilə praktik tətbiqin üzvi vəhdətində özünü göstərir. Professor Məsud Mahmudovun elmi fəaliyyətinin mahiyyətini bir cümlə ilə ifadə etmək olar: o, dili yalnız təsvir etmədi, onu modelləşdirdi.

Bu cümlənin arxasında uzun illərin elmi axtarışı, nəzəri ümumiləşdirmə və praktik tətbiq dayanır. Onun işləyib hazırladığı formal morfoloji analiz sistemləri türk dillərinin aqqlütinativ strukturunun avtomatik emalına imkan verən sistemli yanaşmalardan biri kimi qiymətləndirilir. Bu modellərdə söz-forma yalnız leksik vahid kimi deyil, morfemlərin ardıcıllığı və funksional münasibətləri çərçivəsində təhlil olunur. Bu yanaşma dil vahidlərini statik obyekt kimi deyil, dinamik struktur kimi anlamağa imkan verir.

Onun qurduğu modellər yalnız nəzəri çərçivə ilə məhdudlaşmır. Bu modellər tətbiq oluna bilən sistemlər kimi işlənmiş, maşın tərcüməsi və avtomatik linqvistik emal üçün fundamental baza yaratmışdır. Bu baxımdan o, Azərbaycan dilçiliyində “nəzəriyyə → model → tətbiq” zəncirini tam şəkildə reallaşdıran nadir alimlərdəndir. Beləliklə, onun fəaliyyəti Azərbaycan dilçiliyində formal və tətbiqi istiqamətlərin inkişafında mühüm rol oynayan ardıcıl elmi xətt kimi dəyərləndirilə bilər.

Onun elmi fəaliyyətinin nəticələri yalnız nəzəri ümumiləşdirmələrlə məhdudlaşmır, konkret tədqiqatlarda və fundamental əsərlərdə sistemli şəkildə öz əksini tapır. Bu fəaliyyətin başlanğıc mərhələlərindən etibarən seçilmiş istiqamətin ardıcıllığı və məqsədyönlülüyü aydın şəkildə görünür. 1982-ci ildə “Türk dillərində söz formalarının formal morfoloji təhlili sistemi” mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyası türk dillərinin aqqlütinativ strukturunun formal modelləşdirilməsi istiqamətində atılmış mühüm addım idi. Bu xətt 1994-cü ildə “Azərbaycan mətnlərinin avtomatik işlənməsi sistemi” mövzusunda doktorluq dissertasiyasında daha geniş miqyasda inkişaf etdirilərək dilin kompüter mühitində sistemli işlənməsi problemlərinin kompleks həllinə yönəlmişdir.

Sonrakı mərhələdə onun elmi fəaliyyəti monoqrafik tədqiqatlarda davam etdirilmişdir. “Mətnin formal təhlili sistemi” (2002) əsərində dil vahidlərinin struktur-semantik təhlili üçün nəzəri və metodoloji əsaslar işlənib hazırlanmış, “Kompüter dilçiliyi” (2013) kitabında bu sahənin konseptual çərçivəsi Azərbaycan dilinin materialları əsasında sistemləşdirilmişdir. “Türk dillərinin milli korpusları” (2018) monoqrafiyası dilin korpusəsaslı tədqiqi istiqamətində mühüm mərhələni əks etdirir, “Azərbaycan dilinin tezlik lüğəti”nin I cildi (2010) isə statistik yanaşmanın tətbiqi baxımından əhəmiyyətli nəticələr ortaya qoyur. “Süni intellektin linqvistik problemləri” (2024) əsəri onun elmi maraqlarının müasir texnoloji çağırışlarla uzlaşaraq yeni mərhələyə keçdiyini göstərir.

Bütün bu tədqiqatların əsasında dilin formallaşdırıla bilən sistem kimi dərk olunması dayanır. Professorun fikrincə, dilin müxtəlif səviyyələri (leksik, morfoloji, sintaktik və semantik strukturlar) vahid model daxilində qarşılıqlı əlaqədə işlənməli, bir səviyyənin izahı digərinin imkanları ilə tamamlanmalıdır. Bu fikir müasir elmdə sistem yanaşmasının əsas dayaqlarından biri hesab olunur.

Sadalananlar yalnız nəzəri çərçivədə qalmamış, tətbiqi layihələrdə də konkret nəticələr vermişdir. Məsud Mahmudovun internetdə geniş istifadə olunan “Poliqlot” lüğətlər kompleksinin və “Dilmanc” maşın tərcüməsi sisteminin yaradılmasında iştirakı onun elmi ideyalarının praktik müstəvidə reallaşmasının bariz nümunəsidir. Bu layihələr Azərbaycan dilinin rəqəmsal mühitdə funksional imkanlarının genişlənməsinə və onun texnoloji platformalarda təmsilinə mühüm töhfə kimi qiymətləndirilə bilər.

Professor Məsud Mahmudovun rəhbərliyi altında Hüseyn Cavid, Mikayıl Müşfiq və Sabir Rüstəmxanlının əsərlərinin korpusəsaslı konkordansları, eləcə də “Kitabi-Dədə Qorqud” abidəsinin konkordansı hazırlanaraq korpus.azerbaycandili.az platformasında yerləşdirilmişdir. Bu layihələr Azərbaycan dilinin elektron resurs bazasının zənginləşdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər. Eyni zamanda Azərbaycan ədəbi dilinin geniş söz bazasının yaradılması sahəsində işlər ardıcıl şəkildə davam etdirilir.

Onun elmi fəaliyyəti beynəlxalq müstəvidə də davamlı xarakter daşımışdır. Almata, Astana, Ankara, Bişkek, Kişinyov, Minsk, Moskva, Tallin, Tbilisi, Türkestan və digər şəhərlərdə keçirilmiş nüfuzlu elmi konfrans və simpoziumlarda çıxış edərək Azərbaycan dilçiliyini layiqincə təmsil etmişdir. Bu çıxışlar yalnız fərdi elmi təqdimat deyil, eyni zamanda milli dilçilik məktəbinin beynəlxalq elmi mühitdə tanıdılması baxımından da əhəmiyyətli olmuşdur.

Beləliklə, Məsud Mahmudovun elmi fəaliyyətinə nəzər saldıqda burada ayrı-ayrı nəticələrin toplusu deyil, ardıcıl şəkildə qurulmuş və müxtəlif mərhələlərdə inkişaf etdirilmiş vahid bir elmi istiqamət aydın şəkildə görünür. Bu istiqamət nəzəri axtarışdan başlayaraq modelləşdirmə və tətbiq mərhələlərinə qədər uzanan bütöv bir inkişaf xətti kimi səciyyələndirilə bilər.

Xüsusilə vurğulanmalıdır ki, onun maşın tərcüməsi, statistik leksikoqrafiya, linqvostatistika və korpus dilçiliyi sahələrində gördüyü işlər daha geniş elmi mühitdə də aktuallıq kəsb edir. Bu istiqamətlər müasir dilçiliyin aparıcı sahələri sırasında yer alır və dilin rəqəmsal mühitdə sistemli şəkildə təmsil olunması ilə birbaşa bağlıdır. Azərbaycan dilinin elektron lüğətlərinin, tezlik lüğətlərinin və milli korpusunun yaradılması istiqamətində həyata keçirilən işlər həmin yanaşmanın praktik nəticələri kimi çıxış edir. Bu layihələr dilin yalnız tədqiqat obyekti kimi deyil, informasiya sistemi kimi mövcudluğunu təmin edən mühüm addımlardır.

Burada söhbət yalnız yeni metodların tətbiqindən getmir. Bu, dilin strukturunun daha dərin səviyyədə anlaşılması və bu anlayışın praktik müstəviyə çıxarılması deməkdir. Məhz bu cəhət onun elmi fəaliyyətini fərqləndirən əsas xüsusiyyətlərdən biri kimi qiymətləndirilə bilər.

Məsud Mahmudovun elmi fəaliyyətini yalnız onun yaratdığı modellər və tətbiq etdiyi metodlarla məhdudlaşdırmaq bu portreti tam şəkildə əks etdirməz. Çünki onun elmi yanaşmasının arxasında yalnız intellektual axtarış deyil, həm də müəyyən bir düşüncə tərzi, həyat fəlsəfəsi və daxili nizam dayanır.

Başqa sözlə, onun elmdə tətbiq etdiyi sistemlilik, ardıcıllıq və təmkin təsadüfi xüsusiyyətlər deyil, onun şəxsiyyətinin təbii davamıdır.

Bu kontekstdə Məsud Mahmudovun şəxsiyyəti onun elmi fəaliyyətindən ayrılmaz şəkildə qavranılır. Onu tanıyanların yaddaşında o, yalnız böyük alim kimi deyil, eyni zamanda daxili bütövlüyə malik insan kimi yaşayır.

Onun şəxsiyyətini xarakterizə edən cəhətlərdən biri də insanlara münasibətindəki həssaslıq və anlayışdır. O, ətrafındakıları yalnız müşahidə etmir, onları anlayır, dərdlərinə şərik olur və bu münasibəti başqalarına da aşılamağa çalışır. Hətta ən incə məqamlara münasibətində belə bu keyfiyyət özünü göstərir: “Kəpənəyə qayğısız deməyin. Kəpənəyin də dərdi var – kəpənək ürəyinin dözə biləcəyi, kəpənək qanadının qaldıra biləcəyi qədər...”

Onun özü haqqında söylədikləri bu portreti daha da aydınlaşdırır və göstərir ki, burada təkcə alim deyil, öz həyatını və düşüncə yolunu dərindən dərk edən bir şəxsiyyət dayanır. Bu baxışda diqqəti cəlb edən əsas xüsusiyyətlərdən biri də sistemli düşüncədir.

Eyni zamanda onun həyat fəlsəfəsinin mərkəzində humanizm və mənəvi məsuliyyət dayanır. O, insan ömrünü yalnız fərdi uğurla deyil, başqalarına fayda vermək imkanı ilə ölçür: “İnsana ömür payı ona görə verilmir ki, yalnız özün üçün yaşayasan. Ömür həm də onun üçündür ki, başqalarını yaşadasan...” Bu yanaşma sadəcə fikir deyil, onun həyat və davranış modelidir. O, münasibətlərdə üstünlük qazanmağa deyil, qarşı tərəfi anlamağa çalışır.

Onun xarakterini müəyyən edən əsas keyfiyyətlərdən biri də təmkin və daxili intizamdır. Bu xüsusiyyətləri tamamlayan digər mühüm cəhət isə daxili sabitliyidir. Müxtəlif mühitlərdə olmasına baxmayaraq, sadəliyini, səmimiliyini və təvazökarlığını qoruyub saxlaması onu fərqləndirən əsas cəhətlərdən biridir.

Bu sabitlik təsadüfi deyil. Onun münasibətlər sistemində rəqabət deyil, inkişaf ön plana çıxır. Bu baxımdan onun tez-tez vurğuladığı bir fikir xüsusi əhəmiyyət kəsb edir: əgər tələbə müəllimdən irəli getmirsə, cəmiyyət inkişaf edə bilməz. Bu yanaşma onun həyat fəlsəfəsinin mühüm tərkib hissəsidir.

Bütün bunlarla yanaşı, onun şəxsiyyətini tamamlayan mühüm cəhətlərdən biri də yaddaş və minnətdarlıq mədəniyyətidir. O, keçdiyi yolu unutmur, müəllimlərini və həyatında iz qoymuş insanları daim hörmətlə xatırlayır.

Məsud Mahmudovun şəxsiyyətində elmi sistemlilik, mənəvi məsuliyyət və daxili təmkin üzvi şəkildə birləşir. Bu xüsusiyyətlər onun həm alim, həm də insan olaraq bütöv və ardıcıl şəxsiyyət olduğunu göstərir.

Bu portret yalnız şəxsi müşahidələrlə məhdudlaşmır. Onun həmkarları ilə intellektual münasibətləri bu obrazı daha da aydınlaşdırır.

Onun dilçiliyimizin görkəmli simaları haqqında yazdıqları ümumi xatirə xarakteri daşımır. Bu yazılarda o, alimi yalnız nəticələri ilə deyil, şəxsiyyəti, müəllimliyi, elmi nüfuzu və insani keyfiyyətləri ilə dəyərləndirir. Akademik Ağamusa Axundov haqqında fikirləri bu baxımdan xüsusilə səciyyəvidir və onun alimə yanaşma prinsipini aydın şəkildə ortaya qoyur: “Müəllimlik onda Allah vergisidir... yüksək savad, əhatəli dünyagörüşü, böyük həyat təcrübəsi... bilik xəzinəsini tələbələrə mənimsətmək bacarığı...”. Bu təsvir sadəcə bir alimin portreti deyil. Bu, Məsud Mahmudovun alim və müəllim haqqında təsəvvürünün ifadəsidir.

Digər tərəfdən, Məsud Mahmudov haqqında dilçiliyimizin görkəmli simalarının söylədiyi fikirlər də bu yanaşmanın təsadüfi olmadığını göstərir. Burada artıq sadəcə qiymətləndirmə deyil, elmi mühitdə formalaşmış etimad və inam ifadə olunur.

Beləliklə, maraqlı bir paralellik yaranır: o, başqalarını qiymətləndirərkən müəyyən etdiyi elmi və mənəvi meyarlar onun öz şəxsiyyətində də öz əksini tapır. Bu baxımdan onun portreti yalnız fərdi müşahidələrin deyil, elmi mühitdə formalaşmış və təsdiqlənmiş bir mövqenin ifadəsi kimi çıxış edir.

Zaman hər kəs üçün eyni sürətlə keçir, lakin hər ömür zamanın içində eyni iz qoymur. Bəziləri yalnız yaşanır və tamamlanır, bəziləri isə yaşandıqca mənaya çevrilir.

Məsud Mahmudovun ömrü məhz ikinci qəbildəndir. Onun həyat yolu yalnız keçilmiş mərhələlərin ardıcıllığı deyil, elmin, düşüncənin və insanlığın vəhdətində formalaşmış bütöv bir sistemdir. Onun fəaliyyəti göstərir ki, elm yalnız bilik deyil, eyni zamanda davranış, mədəniyyət və məsuliyyətdir. Bu baxımdan onun fəaliyyəti yalnız nailiyyətlərin toplusu kimi deyil, bir düşüncə modeli kimi dəyərləndirilməlidir.

Yetmiş beş illik ömür bu mənada bir yekun deyil, ardıcıl inkişafın bir mərhələsidir. Professor Məsud Mahmudovun 75 illik yubileyi bir insanın yaşının deyil, bir elmi və mənəvi istiqamətin davamlılığının ifadəsidir.

Belə ömürlər bitmir – dostlarının, həmkarlarının, yetişdirdiklərinin düşüncələrində davam edir...

Bu yolun düşüncədə və fəaliyyətdə uzun və məhsuldar davamını arzulayırıq.

İlham TAHİROV

filologiya elmləri doktoru, professor

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
50
www.bakupost.az

10Sources