EN

KİV: ABŞ-də benzinin qiymətini azaltmaq imkanları məhdudlaşır

BAKI, 3 may. TELEQRAF

ABŞ administrasiyasının benzinin qiymətini aşağı salmaq üçün istifadə edə biləcəyi alətlər tükənmək üzrədir və yeni addımlar ciddi siyasi və iqtisadi risklər yaradır.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” nəşri sorğulara və analitik məlumatlara istinadən yazıb.

Məlumata görə, Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırılması fonunda ABŞ-də benzinin orta qiyməti bir həftə ərzində 30 sentdən çox artaraq gallon üçün 4,39 dollara çatıb.

Qiymət artımı istehlakçı davranışına da təsir edib. Sorğulara əsasən, amerikalıların 44 faizi avtomobildən daha az istifadə etdiyini, 42 faizi gündəlik xərclərini azaltdığını, 34 faizi isə səfər və istirahət planlarını dəyişdirdiyini bildirib.

Nəşr yazır ki, ABŞ prezidenti Donald Tramp enerji sektoru nümayəndələri, maliyyə naziri, administrasiya rəhbərliyi və vitse-prezidentin iştirakı ilə iclas keçirərək neft bazarında uzanan böhran şəraitində mümkün addımları müzakirə edib.

Qeyd olunur ki, administrasiya artıq strateji neft ehtiyatlarından istifadə, bəzi ekoloji tələblərin müvəqqəti yumşaldılması, Rusiya neftinə qarşı sanksiyaların qismən dayandırılması və dəniz yolu ilə yanacaq daşımalarına qoyulan məhdudiyyətlərin müvəqqəti aradan qaldırılması kimi addımlar atıb.

Bununla belə, əlavə tədbirlərin təsiri məhdud və riskli hesab olunur. Müzakirə edilən variantlar arasında yanacaq üzrə federal verginin ləğvi və ABŞ neftinin ixracına məhdudiyyətlər də var.

Ağ Ev isə bildirir ki, qiymət artımı müvəqqətidir və regiondakı vəziyyətlə bağlıdır. Analitiklərə görə, əsas problemin həlli Hörmüz boğazında sabit gəmiçiliyin təmin olunması ilə mümkündür.

Chosen
23
teleqraf.com

1Sources