EN

"Niyə hər dəfə bizə qarşı belə qərarlar verilir?" - Veliçko Kaplanoviç

style='margin-bottom:10px;'>

"Sumqayıt"ın məşqçisi Veliçko Kaplanoviç Misli Premyer Liqasının 30-cu turunda "Kəpəz"ə məğlub olduqları matç (1:2) haqda danışıb.

QOL.az xəbər verir ki, məşqçi ilk olaraq hakimlərin qərarlarından narazılığını ifadə edib:

"Təəssüf ki, bu gün oyun barədə deyil, daha çox hakim idarəçiliyi haqqında danışmalıyam. İlk növbədə rəqibi qələbə münasibətilə təbrik edirəm. Lakin birinci epizodda qapımıza nəyə görə penalti təyin edildiyini heç cür başa düşə bilmədim. Düzdür, turnir cədvəlində nisbətən rahat mövqedəyik, amma bizə qarşı belə qərarların verilməsini anlamaqda çətinlik çəkirəm. Nədənsə hər dəfə "Sumqayıt"ın oyunlarında belə mübahisəli hallar yaşanır və daim qırmızı vərəqələrlə üzləşirik. Baş məşqçimiz Saşa İliç, mən özüm də bir neçə dəfə qırmızı vərəqə almışıq. Bunun nə ilə əlaqədar olduğunu doğrudan da anlaya bilmirəm. Həmin epizodda top bədəndən ələ dəymişdi. Belə penaltini başa düşə bilmirəm. Bu ilk belə hal deyil və məhz bu cür qərarlara görə vacib xallar itiririk. Hazırda bir qədər emosionalam və hisslərimə hakim olmaqda çətinlik çəkirəm, amma belə olmaz".

Mütəxəssis ikinci penaltinin haqlı olduğunu qəbul etsə də, baş məşqçi Saşa İliçin səbəbsiz yerə meydandan qovulmasından şikayətlənib:

"İkinci penalti epizodu tamamilə təmiz idi və buna heç bir etirazım yoxdur. Bəli, müdafiədə səhvə yol verdik və bunu mütləq təhlil edəcəyik. Bizim üçün əsas problemli və sual doğuran məqam birinci penaltidir. Ümumiyyətlə, hər dəfə "Sumqayıt"a qarşı bu cür halların niyə təkrarlandığını anlaya bilmirəm. Baş məşqçimiz Saşa İliç hakimə heç nə demədiyi halda səbəbsiz yerə birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı".

Veliçko Kaplanoviç əvəzlənərkən əsəbiləşərək birbaşa paltardəyişmə otağına yollanan Rüstəm Əhmədzadənin hərəkətinə də münasibət bildirərək ona xəbərdarlıq edib:

"Peşəkar futbolçu əslində meydanda şans qazandığına və oynadığına görə sevinməlidir. Futbol fərdi idman növü deyil. Komanda üçün əlindən gələnin ən yaxşısını etmək lazımdır".

Məşqçi matçın baş hakiminin rəqib komandanın təmsil etdiyi şəhərdən (Gəncə) olmasını tənqid edərək bu cür təyinatların gənc futbolçularda inamsızlıq yaratdığını vurğulayıb:

"Oyunun hakiminin əslən Gəncədən olması sadəcə gülməlidir və məncə, bu, böyük haqsızlıqdır. Yenə də "Kəpəz"i qələbə münasibətilə təbrik edirəm, lakin hər şeydən əvvəl bu işdə peşəkar olmaq lazımdır. Meydandakı gənc oyunçuları da düşünmək mütləqdir. Əgər 18 yaşlı futbolçu karyerasının əvvəlində belə bariz haqsızlıqla qarşılaşırsa, bu, onun gələcəyinə təsir göstərə bilər".

Yekunda o, hakim təyinatlarını əvvəlcədən xüsusi araşdırmadığını və bütün diqqətini komandanın oyununa yönəltdiyini qeyd edib:

"Əslində matçdan öncə hakimlərin təyinatını xüsusi olaraq təhlil etmirəm, çünki mənim əsas işim futbolçuların hazırlığı ilə bağlıdır. Ola bilər ki, "Qəbələ" ilə oyunumuzun hakimlərindən hansısa bu klubun futbolçusu olub. Bunun bizim üçün fərqi yoxdur".

Chosen
54
50
teleqraf.com

10Sources