EN

ABŞ nümayəndəsi: Azərbaycanla tərəfdaşlıq xartiyasında iqtisadi əməkdaşlıq əsas istiqamətdir

“Bölgədəki vəziyyəti şəxsən görməkdən məmnun oldum”.

Adalet.az xəbər verir ki, bunu ABŞ-ın müvəqqəti işlər vəkili Emi Karlon diplomatik korpus nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağa səfər çərçivəsində təəssüratlarını bölüşərkən deyib.

“Bu, əvvəl səfər etdiyimiz bölgədən çox fərqli bir regiondur. Şuşa, Laçın və Xankəndiyə ilk dəfədir gəlirəm. Vəziyyəti öz gözlərimlə görməkdən çox məmnunam”, – o qeyd edib.

Diplomat ABŞ şirkətlərinin Qarabağda həyata keçirilən layihələrdə iştirak perspektivlərinə də toxunub. Onun sözlərinə görə, ABŞ ilə Azərbaycan arasında imzalanmış yeni strateji tərəfdaşlıq xartiyasında iqtisadi əməkdaşlıq əsas istiqamətlərdən biri kimi müəyyən olunub.

“Vitse-prezident Cey Di Vens fevral ayında Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev ilə yeni Strateji Tərəfdaşlıq Xartiyasını imzaladı. Əməkdaşlığımızın əsas sütunlarından biri iqtisadi əməkdaşlıqdır. Digər istiqamətlər isə bağlantılar, müdafiə və təhlükəsizlik sahələridir”, – diplomat bildirib.

ABŞ-ın müvəqqəti işlər vəkili vurğulayıb ki, əsas məqsədlərdən biri həm Azərbaycan, həm də ABŞ şirkətləri üçün faydalı olacaq ortaq layihələrin müəyyən edilməsidir: “Mənim əsas məqsədlərimdən biri ABŞ şirkətləri üçün maraqlı ola biləcək və Azərbaycana fayda verəcək birgə layihələri tapmaqdır. Artıq burada bir sıra nümayəndə heyətləri olub. Vitse-prezidentlə birlikdə ilk dəfə ABŞ Ticarət Palatasının nümayəndələri də Azərbaycana gəlib. Şirkətlər burada imkanları araşdırmaq üçün səfər ediblər”.

Diplomat əlavə edib ki, son iki həftə ərzində ABŞ Ticarət və İnkişaf Agentliyinin texniki ekspertləri də Azərbaycanda olub və mümkün əməkdaşlıq layihələrini qiymətləndiriblər.

O həmçinin bildirib ki, ABŞ şirkətlərinin Qarabağda fəaliyyət göstərməsi üçün heç bir maneə yoxdur: “Məsələn, artıq Ağdamda “Hilton Garden Inn Aghdam” fəaliyyət göstərir”.

Chosen
22
5
adalet.az

6Sources