Masallı Rayon İcra Hakimiyyətinin qarşısındakı meydanda qələbəlik hökm sürürdü. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Masallı Kitab Festivalı-2026” adlı möhtəşəm kitab, bilik bayramına rayonun rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ziyalılar, qonaqlar, rayon ictimaiyyətinin nümayəndələri toplaşmışdı.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov festivalı rayonun mədəni həyatında əlamətdar hadisə kimi dəyərləndirərək maarifçilik ənənələrinin uğurla davam etdirildiyini, gənc nəslin dünyagörüşünün formalaşmasında kitabın, mütaliənin mühüm rol oynadığını bildirdi. Rayon sakinlərini üçgünlük kitab bayramında fəal iştirak etməyə çağırdı.
Milli Məclisin üzvlərindən Məşhur Məmmədov müasir texnologiyaların sürətli inkişafı ilə yanaşı, kitabın əvəzsiz bilik mənbəyi olduğunu, Cavanşir Paşazadə cəmiyyətin mənəvi saflığında kitabın rolunun artdığını qeyd etdi.
Bütün ömrünü ədəbiyyata həsr etmiş görkəmli şair Rüstəm Behrudi sözün və fikrin ucalığından, festivalın mənəvi əhəmiyyətindən söhbət açdı. Kitabın insanı öz köklərinə və tarixinə bağlayan güclü vasitə olduğunu vurğulayaraq “Dar ağacı” şeirini ifa etdi. Şairin təsirli çıxışı tədbir iştirakçılarına duyğulu, qürurlu anlar yaşatdı.
Folklorşünaslıq, dil tarixi, təsəvvüf ədəbiyyatı sahəsində tanınmış alim, filologiya elmləri doktoru, professor Füzuli Bayat mütaliənin və elmi araşdırmaların xalqın mədəni yaddaşını qoruduğunu, kitablarda türk ruhunun qədim kodlarının gizləndiyini və gənclərin bu xəzinədən yararlanmasının vacibliyini bildirdi. Festivalı rayonun intellektual potensialının göstəricisi kimi dəyərləndirdi.
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, Masallı Dövlət Regional Kollecinin direktoru Rövşən Qurbanov keçirilən festivalın müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin kitaba, təhsilə və ziyalılığa verdiyi yüksək dəyərin nümunəsi olduğunu, gənclərin hüquqi və iqtisadi biliklərə yiyələnməsində və mənəvi inkişafında mütaliənin xüsusi əhəmiyyət daşıdığını bildirdilər.
Ulu öndərin zəngin ömür yoluna, çoxşaxəli dövlətçilik fəaliyyətinə həsr olunmuş kitablardan ibarət stend, çoxsaylı nəşriyyatların buraxdığı geniş çeşiddə kitablardan təşkil olunmuş sərgilər iştirakçılarda böyük maraq yaratdı.
Festival çərçivəsində respublikamızın tanınmış yazarları ilə görüşlər, imza saatları təşkil olundu.
Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri