Daxili İşlər Nazirliyi həftəsonu bölgələrə səfərə çıxan sürücüləri diqqətli olmağa çağırıb.
Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsi bildirib ki, həftəsonları paytaxt və regionlar arasında nəqliyyatın intensivliyi artır, bu da xüsusilə avtomagistrallarda sıxlığa və qəza riskinin yüksəlməsinə səbəb olur.
Qurum qeyd edib ki, hər iki istiqamətdə səfərlərin artması fonunda yol hərəkətinin təhlükəsizliyini təmin etmək üçün respublika ərazisində nəzarət-profilaktik tədbirlər gücləndirilib.
Bununla yanaşı, sürücülərin qaydalara əməl etməməsi, texniki nasaz nəqliyyat vasitələrinin istismarı, eləcə də diqqətsizlik və tələskənlik ağır yol-nəqliyyat hadisələrinə səbəb olan əsas amillər kimi göstərilib.
Yol polisi sürücülərə səfərə çıxmazdan əvvəl avtomobilin texniki vəziyyətini yoxlamağı, sürət həddinə və ötmə qaydalarına riayət etməyi, həmçinin yağmurlu hava şəraitini və yol vəziyyətini nəzərə almağı tövsiyə edib. Uzun məsafələrdə fasilələrlə hərəkət etmək və yorğun halda sükan arxasına keçməmək də tövsiyələr sırasında yer alıb.