Əkrəm Qaflanoğlu – 75
İllər o illər idi ki, kənd uşaqları papağını götürüb bir-bir çıxıb gedirdi kənddən. O isə boya-başa çatdığı Qubanın Səbətlər kəndindən tək papağını deyil, səsini də götürüb getdi.
O səs dolanıb-dolanıb onu Asəf Zeynallı adına musiqi məktəbinə – xanəndəlik məbədinə gətirdi. Burada muğam xiridarları olan ustadlardan dərs aldı, sonralar şan-şöhrətli xanəndələr olacaq kəslərlə bir sinifdə oxudu. Gün o gün oldu ki, Bakının küçələrində onun konsertini xəbər eyləyən afişalar vuruldu. Və onun arzuladığı belə bir məqamın yetişdiyi zamanda birdən-birə həyatında sərt dönüş etdi; Azərbaycan Yazıçılar İttifaqında işə düzəldi və xanəndəlikdən uzaqlaşdı. Bura onun həyatında ikinci və daha böyük məbəd idi.
Şəxsiyyəti və qələmi ilə xalq arasında böyük şöhrət qazanmış Mirzə İbrahimovun diqqətini çəkdi və sədr onu özünə köməkçi təyin etdi. Uzun illər birgə işlədilər, ata-oğul münasibətində oldular və bu xətir-hörmət itməz-silinməz qaldı. Daha sonra burada kimlərlə işləmədi: Elçin, İmran Qasımov, İsmayıl Şıxlı, Cabir Novruz, Balaş Azəroğlu, Hüseyn Abbaszadə, İsaq İbrahimov və başqaları. Həm də hamıyla xətir-hörmət və qarşılıqlı anlayışla.
Daha sonra tale onun həyatında növbəti dönüşünü sərgilədi. “Vətən” cəmiyyəti yarananda və böyük yazıçımız Elçin ora sədr göndəriləndə onu da özü ilə apardı. Bura tamam ayrı bir məbəd idi: xaricdə yaşayan həmvətənlərlə əlaqələr qurmaq, onların Vətənə səfərlərini təşkil etmək. Təsəvvür edin, uzun illərin ayrılığından sonra indi doğma Vətən onları axtarır. Bu cəmiyyətdə işlər o qədər uğurlu alınır ki... Və günlərin bir günü baş nazirin müavini təyin olunan Elçin müəllim heç bir tərəddüd etmədən onu da növbəti məbədə – Nazirlər Kabinetinə apardı, az sonra onu özünə köməkçi təyin etdi. Uzun illər birgə işlədilər...
Elçin müəllimin onun haqqında yazdığı oçerki oxuyanda bu insanların köksündə nə boyda böyük ürəyin döyündüyünü hiss edirsən. O yazı pilləcə aşağıda dayanan işçi haqqında deyil, hər cür hörmətə layiq dost, məbədə sədaqət və sevgiylə xidmət edən insan haqqındadır. Bu məbəd Vətəndir – Azərbaycandır! O insan isə bu gün 75 yaşını qeyd etdiyimiz şaqraq səsli xanəndə, istedadlı yazar (o bir neçə nəsr kitabının müəllifidir), işinə sədaqətli məmur, elini-xalqını ürəkdən sevən Əkrəm Məmmədov – Əkrəm Qaflanoğludur!
Təbrik edirəm, əziz dost!
Tofiq NURƏLİ,
həkim, şair