Myanmanın keçmiş lideri və Nobel mükafatı laureatı Aun San Su Çji həbsxanadan ev dustaqlığına köçürülüb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə dövlət mediası hərbi rəsmilərə istinadən məlumat yayıb.
80 yaşlı Aun San Su Çji 2021-ci ilin fevral ayında hərbi çevriliş nəticəsində vəzifəsindən uzaqlaşdırıldığı üçün paytaxt Neypidodakı hərbi həbsxanada saxlanılırdı.
Çevrilişə rəhbərlik edən hərbi xunta lideri Min Aun Hlayn verdiyi açıqlamada "qalan həbs cəzasını təyin olunmuş yaşayış yeri ilə əvəz etdiyini" bildirib.
Media tərəfindən yayımlanan fotoşəkildə siyasətçinin iki formalı əsgərin əhatəsində oturduğu görünür.
Aun San Su Çjinin oğlu Kim Aris ordunun iddiasına şübhə ilə yanaşdığını və onun sağ olduğuna dair heç bir sübutunun olmadığını söyləyib. O, anasının dərc olunmuş fotosunun 2022-ci ildə çəkildiyini iddia edib.
"Ümid edirəm ki, bu doğrudur. Onun ev dustaqlığına köçürüldüyünə dair hələ də heç bir real dəlil görməmişəm. Ona görə də onunla danışmağa icazə verilənə və ya kimsə onun vəziyyətini və harada olduğunu müstəqil şəkildə təsdiqləyə bilənə qədər heç nəyə inanmayacağam", - deyə o, BBC-yə bildirib
Bu yaxınlara qədər Aun San Su Çjinin səhhəti və ya saxlanma şəraiti məlum deyildi və Kim Aris dekabr ayında anasından uzun illərdir xəbər almadığını bildirmişdi.
Vəkilləri onu üç ildən çoxdur ki, görmürlər; bildirilir ki, ailəsi onunla iki ildən çoxdur, əlaqə saxlamır.
Aun San Su Çji 2015-ci ildə Myanmanın o vaxtkı hökmdarları demokratik islahatlar həyata keçirdikdən sonra hakimiyyətə gəlib. Bundan əvvəl o, 15 ildən çox ev dustaqlığında keçirərək fəal və demokratiya müdafiəçisi kimi beynəlxalq şöhrət qazanıb. Hərbi çevrilişdən sonra Aun San Su Çji 19 ittiham üzrə 33 il həbs cəzasına məhkum edilib. Onun cəzası sonradan 27 ilə endirilib.
Bildirilir ki, Min Aun Hlayn rejimini beynəlxalq təcriddən çıxarmağa çalışır və dövlət mediasında Aun San Su Çji ilə bağlı xəbərlərin qəfil peyda olması hakimiyyətin onu azadlığa buraxmağa hazırlaşdığını göstərir.
Bu ilin əvvəlində hərbi xunta Myanmada da seçkilər keçirərək nominal demokratik hökuməti bərpa edib, lakin eyni hərbi liderlər hakimiyyətdə qalıb.
Musavat.com