EN

Nahid Abbaszadə: İncəsənəti, aktyorluğu məqsədli seçməmişəm

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Müsahibim - aktyor Nahid Abbaszadə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (2009-2013) və Türkiyənin İstanbul şəhərində yerləşən "Sadri Alışık Akademiyası"nda təhsil alıb. Bir müddət Azərbaycan Akademik Milli Dram Teatrında Vidadi Həsənov və Pərviz Məmmədrzayevin "Gənc aktyorlar" studiyasında çalışıb. "Kanal S" (indiki "ARB Şəki") televiziyasında yayımlanan "Ziq-Zaq" verilişinin aparıcısı olub (2014-2016). 2016-cı ildən Türkiyədə yaşayan və aktyor-rejissor kimi fəaliyyət göstərən Nahid bu günlərdə "Aşkın yapay provası" adlı ssenarisi və quruluşu özünə aid olan tamaşa ilə Bakıda səfərdədir. Bu gəlişindən istifadə edərək onunla aktyorluq sənəti, Türkiyə-Azərbaycan ədəbi mühiti, eləcə də özünün yaradıcı fəaliyyəti haqqında geniş söhbət etdik:

- Nahid bəy, Azərbaycanda məzun olduqdan və bir neçə illik fəaliyyətinizdən sonra buradakı işlərinizi qoyub Türkiyəyə üz tutmağınıza səbəb nə oldu?

- Mənim uşaqlığımın bir hissəsi Türkiyədə - İstanbulda keçib. Beş il müddətində ailəmlə birlikdə İstanbulda yaşamışıq, buraya çox az-az gəlirdik. O zamandan İstanbulu çox sevmişəm. Buraya gələndə də həmişə oraya qayıtmağı xəyal edirdim.

- Bəs niyə təhsilinizi orada almağı seçmədiniz?

- Atamın işləri ilə əlaqədar şərtlər elə gətirdi ki, biz buraya qayıtmalı olduq. Orada təhsil almaq üçün isə maddi imkanlar uyğun deyildi. Ona görə də burada universitetə hazırlaşdım və imtahanlardan keçərək Mədəniyyət və İncəsənət Universitetinə qəbul oldum. Nə yaxşı ki, təhsilimi burada aldım. İndi olsa, yenə də təhsilimi Azərbaycanda almağı seçərdim. Onsuz da təhsilimin davamını Türkiyədə keçdim. Ona görə də mən iki ölkənin də mədəniyyətinə, incəsənətinə çox yaxşı hakim olduğumu deyə bilərəm.

- "Sadri Alışık Akademiyası"nda təhsilinizin ardından Türkiyədəki yaradıcı fəaliyyətiniz necə davam etdi?

- Təbii ki, hər kəs kimi, mən də Türkiyədə film və serial sektoruna daxil olmağa, orada rol almağa həvəsli idim. Bunun üçün bəzi addımlar da atırdım. Onu da deyim ki, bu, teatr sevgisindən üstün idi deyə, oraya getmək istəmirdim. Sadəcə məşhur olmaq üçün film və serial sektorunu seçmişdim. Əslində isə teatrı daha çox sevirəm və orada daha xoşbəxtəm. Ancaq məşhurluq və maddi qazanc məqsədi ilə bir neçə layihəyə müraciət etdim. Hətta çox güclü layihələrə seçildim də. Lakin o zamanlar xarici vətəndaşların serialda çəkilməsi çox çətin idi. Çünki rəsmi işlər çox çəkirdi. Heç kim də bunun üçün vaxt və enerji itirmək istəmirdi. Ona görə də ən son məqamda - rejissor görüşündə xarici vətəndaş olduğumu bilib məni layihədən kənarlaşdırırdılar. Bu, bir neçə dəfə davam etdiyindən artıq həvəsim qırıldı. Buna görə də sosial mediaya üz tutdum. Qarşıma da məqsəd qoydum ki, burada məşhur olacağam və onda da siz məni axtaracaqsınız. Sosial mediada uğurlu oldum, çox qısa zamanda yutub və instaqram platformasında məşhurlaşdım, pul qazanmağa başladım. Bununla da film və serial ardınca getməyi dayandırdım. Amma teatrdan heç zaman vaz keçmədim. Hazırda da aktyor dostum Osman Atasevenin qurduğu özəl teatrda birgə çalışırıq.

- Sosial mediada məşhurluq qazananlar çoxdur və onların çoxu da aktyor deyillər. Bəs sizi sosial mediada fərqləndirən nə oldu?

- İzləyicilərin çoxu mənim özümü yox, obrazlarımı tanıyıb sevdilər. Çünki orada şəxsi həyatımı paylaşmadım, sırf sevdiyim, həvəsində olduğum işlə məşğul oldum - kiçik tamaşalar qurdum, roldan rola girdim. O videoları çəkməklə özüm özümü xoşbəxt edirdim. Xoşbəxt olduğum bir işdə  sevilməyim məni bu sahəyə daha çox bağlayır. Levent Kırca, Tolqa Çevik kimi aktyorları çox sevirəm, özümə onları örnək götürürəm. Məsələn, bir kişi olaraq, qadın obrazları yaradıram, amma bununla bağlı mənfi rəylər almıram, insanlar bunu yadırğamırlar. Çünki onlar mənim niyyətimin nə olduğunu gözəl anlayırlar. Bu sarıdan məni ən çox tənqid edəcək insanlar azərbaycanlılardır. Amma onlar da tənqid etmirlər, sevgi ilə qarşılayırlar.

- Qazax ləhcəsi ilə çəkdiyiniz videolarda bəzən tənqidi rəylərə də rast gəlirik. Məsələn, bəziləri bununla qazaxlıları pis göstərdiyinizi deyirlər.

- (gülür) Bu cür tənqid edənlər çox azdır. Bəzən heç açıqlama verməyə də ehtiyac duymuram. Axı obraz da haralısa olmalıdır. Olmasın qazaxlı, olsun başqa bölgədən. Özüm qazaxlıyam deyə seçilməyib bu. Faiz etibarilə götürsək, bu cür tənqid edənlər çox azdır. Əgər izləyənlərin yarısı məni tənqid etsəydi, onda düşünərdim ki, harada səhv edirəm. İzləyicilərimin çoxu obrazlarımı real olaraq qəbul edirlər. Nəzakət, Nigar və digərləri uydurma xarakterlərdir.

- Nəzakət demişkən, videolarınızda qayınana-gəlin problemlərinə toxunmaq, bu mövzudan çıxış edərək komediyalar çəkmək fikri necə yarandı?

- Təbii ki, boş yerə yaranmayıb, illərcə müşahidə etdiklərimin nəticəsidir. Məsələn, Nəzakətin etdiklərinin çoxu mənim nənəmin davranışlarıdır. Burcu mənim anamın, Nəzakət isə nənəmin bir obrazıdır. Amma təbii ki, burada çox-çox şişirtmələr var. Yəni nənəmdən o obrazda 30 faizlik nəsə varsa, mən onu şişirdib etmişəm 100 faiz. Əslində, Nəzakət pis qadındır, çox çətin insandır. Buna rəğmən, izləyicilər onu sevirlər, ona əsəbləşmək yerinə gülürlər. Çünki onlar Nəzakəti psixoloji problemli biri kimi qəbul edirlər. Həmçinin, etiraf edim ki, anamın da xarakterindən Nəzakətdə nələrsə var, nənəmlə anamın xarakterlərini bir növ sintez eləmişəm. Eləcə də Nigardakı o saflıq elə öz bacımın saflığıdır, amma mən onu daha da şişirtmişəm. İnsanın materialı insandır. Mən insanlarla ünsiyyətdə olmağı, onları müşahidə etməyi çox sevirəm. Sabah o müşahidələrim ssenarilərə, obrazlara çevrilir.

- Bəs bu obrazlar öz ailənizdə, nəslinizdə necə qarşılandı?

- İndi nəslimizdəkilər qorxurlar ki, nə vaxtsa onları da öz səhnəciklərimə daxil edəcəyəm (gülür). Xüsusən, bibim həyəcanla gözləyir ki, mütləq o da bir gün bu videolarda olacaq. Bibim ayrı bir obrazdır, tamam başqa xarakterdir. Ümumən isə müsbət qarşılayırlar, onlar da baxdıqca əylənirlər.

- Bəs ananız, atanız teatr sənətini seçməyinizə, bu fəaliyyətlərinizə necə münasibət göstərirlər? Dəstək olurlarmı?

- Ailəm hər zaman - ta uşaqlığımdan mənim seçimlərimə dəstək olublar. Hələ 3-4 yaşlarımda Qazaxda qonşu-qohum uşaqlarını yığıb televizordan baxdığım serialları onlar üçün oynayırdım, bütün obrazları özüm parodiya edirdim. Ailəmizi yığırdım, masanın altından kuklarla tamaşalar qururdum. Mən incəsənəti, aktyorluğu məqsədli seçməmişəm. Bir də baxdım ki, artıq Mədəniyyət və İncəsənət Universitetinin tələbəsiyəm. Ailəm də heç zaman qarışmadı, yolumdan döndərməyə çalışmadı. Elə ilk dəfə öz ailəmizdəkiləri güldürməyə başladım. Evdə nənəmi, babamı parodiya edirdim.

- Bəzən ailələr qız övladını bu sənətdən çəkindirməyə çalışıblar. Bəs sizcə, siz oğlan deyil, qız olsaydınız, ailəniz yenə də dəstəkləyərdi?

- Bəli, yenə də dəstəkləyərdilər. Ona görə də özümü çox şanslı hesab edirəm. Xüsusən, Azərbaycan ailələrində elə bir psixologiya formalaşıb ki, qız uşaqlarının aktrisa olmasından, səhnəyə çıxmasından çəkinirlər. Biz oxuyan dövrlərdə də elə qızlar vardı ki, çox istedadlı idilər, amma indi tamamilə başqa sahələrdə çalışırlar, ailəsi bu sahənin arxasınca getməyə izn verməyib.

- Siz buraya "Aşkın yapay provası" tamaşası ilə gəlmisiniz. Tamaşanın ssenari müəllifi və rejissoru kimi, sizdən soruşmaq istərdim, bu komediya niyə yazıldı?

- Bir aktyorun ən sevdiyi nüans yaxşı anlaşdığı, sevdiyi bir aktyorla səhnəni bölüşməkdir. Biz də Osman Atasevənlə elə səhnədə tanış olmuşduq və tərəf müqabili olmaqdan çox böyük zövq almışdıq. Onunla enerjimiz çox yaxşı tutur. Buna görə də istədik ki, tamaşa yazaq və özümüz oynayaq. Əslində, "Aşkın yapay provası" bu məqsədlə yarandı. Əsəri cəmi bir gecəyə yazdım, amma 6-7 ay Osmanla birlikdə bunun üzərində işlədik, müzakirələr etdik. Ən çox bir-birimizə suallar verdik və o suallara cavab tapmağa çalışdıq. Hər şey bitəndən sonra baxdıq ki, bizim Osmanla bərabər səhnəmiz yoxdur. Ona görə də kiçik bir epizod əlavə etdik. Nəticədə Osmanla cəmi bir dəqiqəlik səhnəmiz var. O səhnədə də o qədər əylənirik ki, nə mən getmək istəyirəm, nə Osman buraxmaq. Hər nümayişimizdə o səhnədə özümüzdən improvizələr olur. Nə var, nə var, səhnədə bir az da çox qalım (gülür).

- "Aşkın yapay provası"nı Türkiyədə artıq 12 ayrı səhnədə oynamısınız. Reaksiyalar necə olub?

- Çox gözəl reaksiyalar almışıq. Ən çox sevindiyimiz də budur ki, bizim mütləq mesaj ötürmək niyyətimiz olmayıb. İşdən yorğun çıxan insan bizim 80 dəqiqəlik tamaşamızda gülürsə, əylənirsə, yorğunluğunu unudursa, deməli, biz istəyimizə nail olmuşuq. Nə yaxşı ki, aldığımız reaksiyalar da məhz bu yöndədir. Ən çox eşitdiyimiz isə bu olur ki, heç bu cür gözləmirdik.

- Bəs sizin öz teatrınızı inkişaf etdirmək, yaxud fəaliyyətinizi hansısa başqa dövlət teatrında qurmaq kimi planlarınız varmı?

- Əsas istəyimiz öz teatrımızı inkişaf etdirmək, daha yeni və fərqli tamaşalar hazırlamaqdır. Bunun üçün də əsas maliyyə ehtiyacımız var. Biz maliyyə problemləri ilə o qədər üzləşmişik ki, minimal büdcə ilə ən gözəl işləri necə yaratmaq olar, onu öyrənmişik. Bununla bağlı çox çək-çevirlər etmişik. Artıq öz hesabımıza üç tamaşa hazırlamışıq. Bunun müsbət tərəfləri budur ki, dekor, dizayn, işıq, qrim və sair kimi işlərdə də artıq özümüz peşəkarlaşmışıq. Mənfisi odur ki, bütün bunları təkbaşına etmək bizi yorur. Bundan sonrası üçün ciddi dəstəyə ehiyacımız var.

Şahanə MÜŞFİQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
28
525.az

1Sources