EN

Bakı Olimpiya Stadionunda WUF13 Media Mərkəzi fəaliyyət göstərəcək 

Ekspertlərin təhlillərinə görə, 2050-ci ilə qədər dünya əhalisinin üçdə ikisindən çoxu şəhərlərdə yaşayacaq. Bundan irəli gələn çağırışları, məsələləri, problemləri müzakirə etmək üçün ən mühüm platforma məhz Ümumdünya Şəhərsalma Forumu və onun sessiyalarıdır.

AZƏRTAC xəbər verir ki, bunu “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum çərçivəsində keçirilən paneldə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov deyib.

O vurğulayıb ki, bu günə kimi 175 ölkədən 24 mindən artıq şəxs bu forumda iştirak üçün qeydiyyatdan keçib və qeydiyyat davam edir. “İnanırıq ki, bu rəqəm tədbirə qədər artacaq. Eynilə media nümayəndələrinin qeydiyyatı da davam edir. Artıq həm yerli, həm xarici olmaqla 800-dən artıq media nümayəndəsi qeydiyyat üçün müraciət edib. Onu da qeyd edim ki, tədbirin əsas məkanında - Bakı Olimpiya Stadionunda WUF13 Media Mərkəzi fəaliyyət göstərəcək. Mərkəzdə media nümayəndələri üçün hər cür şərait yaradılacaq", - deyə E.Rəsulov əlavə edib.

Menecer, həmçinin bildirib ki, tədbir günlərində 40 əsas sessiya, 350 tərəfdaş tədbiri və dünyanın ən mühüm şəhərsalma sərgisi sayılan “Urban Expo” sərgisi keçiriləcək. Sərgiyə BMT-nin qurumları, müxtəlif şəhərlərin merləri, yerli icra hakimiyyəti nümayəndələri, xarici media təmsilçiləri, beynəlxalq şirkətlər, özəl fondlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılacaqlar.

Chosen
37
1
azerbaijan-news.az

2Sources