"Müzakirə etdiyimiz layihə vətəndaşların müraciətləri ilə bağlı sistemin icrasını və elektronlaşmanı nəzərdə tutur. Biz bu məsələni yalnız texniki yenilik kimi deyil, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətli və köklü şəkildə dəyişməsini hədəfləyən bir göstərici kimi dəyərləndirməliyik".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən bildirdi.
Onun sözlərinə görə, dövlət elektron hökumət informasiya sistemlərinə daxil olan müraciətlər sadəcə qəbul edilərək arxivləşdirilməməlidir:
"Əsas məsələ ondan ibarətdir ki, bu müraciətlər vahid platformada toplanmalı və onların bütün hərəkət trayektoriyası izlənilə bilən olmalıdır. Vətəndaşın hansı quruma müraciət etdiyi, həmin müraciətin hansı mərhələlərdən keçdiyi, kim tərəfindən və necə cavablandırıldığı, nəhayət hansı nəticə ilə yekunlaşdığı açıq və şəffaf şəkildə görünməlidir. Bu gün biz daha çox rəqəmlərlə danışırıq, dövlət orqanlarına daxil olan müraciətlərin sayı müəyyən edilir, statistik göstəricilər ön plana çıxarılır. Amma vətəndaşı maraqlandıran əsas məsələ məktubun və ya müraciətin sayı deyil, onun taleyidir. Neçə müraciət üzrə problem müsbət həll olunub? Hansı hallarda məlumat bir qurumdan digər quruma ötürülərək nəticə əldə edilib?
Əgər bu prosesin hamısını vahid sistem üzərindən izləyə bilsək, artıq söhbət formal cavablardan yox, real nəticələrdən gedəcək. Bu zaman hər bir dövlət orqanının fəaliyyəti konkret ölçülə biləcək, məsuliyyət dəqiq müəyyən olunacaq və heç bir müraciət diqqətdən kənarda qalmayacaq. Bu yanaşma həm də vətəndaş məmnunluğunu ölçmək üçün bizə real alət verəcəkdir. Əslində burada əsas dəyişiklik idarəetmə fəlsəfəsindədir. Biz sayın deyil, keyfiyyətin, prosesin deyil, nəticənin üstün olduğu bir sistem qurmalıyıq".
NURİYYƏ