EN

"Bakıda yaşayan vətəndaşlar nazirlərin qəbuluna düşmək üçün bölgələrə getməli olur" - Deputat

"Elektron qaydada vətəndaş müraciətlərinin qəbulu sisteminin təkmilləşdirilməsi olduqca vacib və maraqlı bir addımdır və biz bu qanun layihəsini dəstəkləyirik. Lakin bütövlükdə bu məsələdə əsas mahiyyət ondan ibarət olmalıdır ki, vətəndaşın dövlət orqanlarında qəbul proseduru asanlaşdırılsın. Eyni zamanda elə mexanizmlər yaradılmalıdır ki, istənilən mərkəzi icra hakimiyyəti orqanını təmsil edən səlahiyyətli şəxslər vətəndaşı qəbul edə bilsin və o, öz problemini birbaşa çatdıra bilsin".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən bildirdi.

Onun sözlərinə görə, bir çox hallarda vətəndaşın müraciətinin daxil olduğu məlum olsa da, onun həlli istiqamətində hətta ilkin rəy formalaşdırmaq belə çətin olur:

"Bunun əsas səbəblərindən biri ayrı-ayrı dövlət qurumları arasında koordinasiyanın aşağı səviyyədə olması, həmçinin proseslərin uzanması və müraciətlərin gecikməsi ilə bağlıdır. Ona görə də hesab edirəm ki, qəbul prosedurunun asanlaşdırılması istiqamətində biz müəyyən addımlar atmışıq və ayrı-ayrı icra hakimiyyəti orqanlarının bölgələrdə qəbul mexanizmləri mövcuddur. Lakin bunun qaydalarına yenidən baxılmasına ciddi ehtiyac var. Çünki bir çox hallarda, xüsusilə Bakı şəhərində yaşayan vətəndaşlar qəbul üçün bölgələrə getməli olur, hətta Naxçıvana və ya Gəncəyə səfər edərək icra orqanlarının rəhbərlərinin qəbuluna düşürlər. Bu isə vətəndaşlar üçün həm maddi, həm də fiziki baxımdan əlavə çətinliklər yaradır.

Ona görə də Bakı şəhərində də qəbul prosedurlarının daha sistemli şəkildə tətbiq olunmasına dair artıq konkret qərarlar verilməlidir. Bu istiqamətdə icra orqanları ilə vətəndaş arasında birbaşa problem həlli mexanizmləri formalaşdırıla bilər. Qanunverici orqan təmsilçilərinə, yəni millət vəkillərinə müraciət olunduqda biz bir çox hallarda yalnız həmin qurumlara yönləndirmə edirik və vasitəçi rolunda çıxış edirik. Çünki problemlərin həllinə birbaşa müdaxilə imkanlarımız məhduddur və həlli əsasən aidiyyəti qurumların səlahiyyətinə aiddir. Bu baxımdan məsələyə ciddi diqqət yetirilməli və vətəndaş məmnunluğunu artırmaq üçün qəbul mexanizmləri daha əlçatan və effektiv hala gətirilməlidir".

NURİYYƏ

Chosen
16
redaktor.az

1Sources