Son illərdə avtomobil bazarında Çin istehsalı nəqliyyat vasitələrinin sayı nəzərəçarpacaq dərəcədə artsa da, onlara olan marağın kifayət qədər zəiflədiyi müşahidə olunur. Qiymət baxımından əlverişli və texnoloji yeniliklərlə təchiz edilsə də, bu avtomobillər hələ də etibarlılıq və uzunömürlülük baxımından sürücülər arasında, görünür, inam qazana bilməyib. Eyni zamanda, Yaponiya istehsalı avtomobillər isə keyfiyyət, davamlılıq və ikinci əl bazarında dəyərini qorumaq xüsusiyyətlərinə görə ölkədə populyarlığını saxlayır.
Pravda.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Razil Nağıyevin sözlərinə görə, Çin avtomobillərinə marağın azalması onların “özünü doğrultmaması” ilə deyil, daha çox bazarın sürətlə doyma mərhələsinə keçməsi və müəyyən risklərin üzə çıxması ilə bağlıdır.

O bildirib ki, son dövrdə bu avtomobillərin həddindən artıq çox gətirilməsi bazarda təklifin artmasına, qiymətlərin enməsinə və alıcıların keyfiyyətə olan etibarının zəifləməsinə səbəb olub: “Eyni zamanda, “grey market” (gri) vasitəsilə, yəni rəsmi distribütor xətti olmadan gətirilən avtomobillərin sayının çoxalması ciddi problemlər yaradıb. Bu cür avtomobillərdə rəsmi zəmanətin olmaması, proqram təminatı yeniləmələrinin məhdudluğu, ehtiyat hissələrinin gecikməsi və servis dəstəyinin zəifliyi alıcı etimadını azaldır. Bununla yanaşı, bəzi modellərdə vaxtından əvvəl texniki və elektron nasazlıqların baş verməsi ilə bağlı fikirlər ümumi bazar imicinə mənfi təsir göstərir. Digər tərəfdən, ikinci əl bazarında dəyər itirmə riski, xüsusilə elektrik və hibrid modellərdə texnologiyanın sürətlə dəyişməsi ilə bağlı narahatlıqlar alıcıları daha ehtiyatlı davranmağa vadar edir. Nəticə etibarilə, ilkin yüksək maraq mərhələsindən sonra bazar daha realist yanaşmaya keçir və alıcılar artıq yalnız qiymətə deyil, həm də zəmanət, servis keyfiyyəti və uzunmüddətli etibarlılıq kimi amillərə üstünlük verməyə başlayırlar”.
Şəhanə Quliyeva