EN

“Məktəb psixoloqları üçün sertifikasiya imtahanının tətbiqi vacibdir” TƏHSİL EKSPERTİ

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Ümumtəhsil müəssisələrində fəaliyyət göstərən məktəb psixoloqları sertifikasiyadan keçəcək. 

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlər üçün keçirilən brifinqdə çıxışı zamanı məlumat verib.

Bildirilib ki, növbəti illərdə məktəb psixoloqları daxil olmaqla bütün pedoqoji heyətin sertifikasiyadan keçirilməsi planlaşdırılır.

Maraqlıdır, bu öz təsirini necə göstərəcək?

Gununsesi.info-ya danışan təhsil eskperti Ramin Nurəliyev qeyd edib ki, məktəb psixoloqlarının sertifikasiyası mütləqdir.

“Bu məsələ ilə bağlı bir neçə dəfə danışmışam.

Artıq növbəti ildən məktəb psixoloqlarının sertifikasiyasının həyata keçirilməsi gözlənilir. Bu, mühüm təşəbbüsdür. Məktəbdə müəllim nə qədər vacibdirsə, məktəb psixoloqu da bir o qədər əhəmiyyət daşıyır.

Müəllim şagirdə təhsil verir, məktəb psixoloqu isə onun ümumi davranışına və daxili durumuna nəzarət edir. Əgər şagirddə qayda və intizama zidd davranış müşahidə olunursa, məktəb psixoloqu əvvəlcədən həmin şagirdlərlə işləməlidir. Lakin hazırda çox vaxt hadisədən sonra müdaxilə edilir.

Bu yanaşma düzgün deyil. Məhz buna görə məktəb psixoloqları üçün sertifikasiya imtahanının tətbiqi vacib sayılır. Bu, öz ixtisasını yaxşı bilən mütəxəssislərin məktəblərdə fəaliyyətini davam etdirməsinə şərait yaradacaq”,-deyə o əlavə edib.

Ramin Nurəliyev qeyd edib ki, hazırda ali məktəblərdə təhsil alan, xüsusilə bu sahə üzrə ixtisaslaşan gənclər üçün də bu yenilik əlverişli imkanlar yaradır:

“Sertifikasiya tətbiq olunduğu halda, ixtisası üzrə işləməyən şəxslərlə əmək münasibətlərinə xitam verilə bilər və yeni iş yerləri yaranar.

Nəticə etibarilə, öz ixtisası üzrə təhsil almış şəxslərin məktəblərdə məktəb psixoloqu kimi fəaliyyət göstərməsi daha məqsədəuyğundur”.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
71
icma.az

1Sources