EN

10 nəfərdən 3800 ə: Azərbaycanlı turistlərin seçimi DƏYİŞDİ

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Azərbaycan-Maldiv Respublikası arasında vizasız gediş-gəlişlə bağlı saziş qüvvəyə mindi və ümumi vətəndaş pasportuna malik şəxslər vizasız şəkildə bir ölkədən digərinə səfər edə biləcəklər. Təbii ki, bundan əvvəl də iki ölkə arasında viza proseduru o qədər də mürəkkəb deyildi. Azərbaycanlılar bu istiqamətə səfər edirdilər. Amma istənilən halda iki ölkə arasında turistik əlaqələr və səyahətlər o zaman daha çox inkişaf edir ki, ümumiyyətlə baryerlər tamamilə aradan qaldırılsın, birbaşa uçuşlar olsun və həmin destinasiya özü maraqlı hesab edilsin".

Bu fikirləri Redaktor.az-a Azərbaycan-Maldiv arasında vizasız rejimdən danışan turizm eksperti Ceyhun Aşurov bildirdi. Müsahibimizin sözlərinə görə, Maldiv ciddi şəkildə turizm ölkəsidir və ümumi daxili məhsulunun 60 faizə qədəri məhz turizm hesabına formalaşır:

"Tam olaraq turizmdən ciddi şəkildə asılı olan ölkədir. Adalarda yerləşən bu gözəl destinasiya əslində bir çox ölkələrdən turist cəlb etməkdə maraqlıdır və bu istiqamətdə müxtəlif işlər aparır. Azərbaycanla olan əlaqələrdə də vizanın aradan qaldırılması, eyni zamanda Azərbaycan vətəndaşları üçün bu istiqamətin daha maraqlı hesab olunmasına təsir göstərir. Qarşılıqlı münasibətlərə, yəni qarşılıqlı səfərlərə gəldikdə isə demək mümkündür ki, əsasən Maldiv ölkəyə gəlmək istiqamətini daha çox təşviq edir. Bu mənada Maldivdən başqa ölkələrə səfərlər daha azdır. Azərbaycanla münasibətlərə baxsaq, əsasən COVİD-dən əvvəlki dövrə nəzər saldıqda, 2019-cu ildə təxminən 30 nəfər Maldivdən Azərbaycana gəlmişdi. Əslində bu, çox aşağı rəqəmdir. Əvvəlki illərdə də bu göstərici təxminən 30-50 nəfər arasında dəyişirdi. Amma son dövrlərdə, 2024-2025-ci illərdə bu rəqəm 10 dəfə artdı. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə 371 nəfər, 2025-ci ildə isə 306 nəfər Maldivdən Azərbaycana gəldi. Azərbaycandan isə Maldivə son dövrlərdə birbaşa reyslərin açılması, eyni zamanda təbliğat və reklamların aparılması bu istiqamətə marağı artırdı. Sosial şəbəkələrdə də bunu açıq şəkildə görmək mümkündür. Ümumiyyətlə, son dövrlərdə uzaq Şərq ölkələrinə Azərbaycan bazarında turizm şirkətlərinin daha fəal təbliğat apardığını müşahidə edirik".

Ekspert nəzərə çatdırdı ki, 2019-cu ildə cəmi 10 nəfər Azərbaycandan Maldivə getmişdisə, bu rəqəm 2024-cü ildə 1619 nəfərə yüksəldi:

"Görürük ki, çox ciddi artım var. 2025-ci ildə isə bu rəqəm 3800-ü keçdi. Deməli, təbliğatın aparılması, birbaşa reyslərin açılması və vizanın asan əldə olunması Azərbaycandan yeni bazar və yeni destinasiya kimi Maldivə gedənlərin sayına ciddi təsir göstərdi. Beləliklə, təxminən 10 nəfərdən 3800 nəfərə qədər artım qeydə alındı. Görünən odur ki, ilkin mərhələdə bu rəqəm daha da artacaq, xüsusilə də gediş-gəliş üçün viza tam aradan qaldırıldıqdan sonra. Birbaşa uçuşlar daha da səmərəli hala gələrsə, böyük ehtimalla bu, Azərbaycandan Maldivə gedənlərin sayına daha çox təsir göstərəcək. Eyni zamanda Maldivdən Azərbaycana gələnlərin sayına da müsbət təsir ola bilər. Nəzərə alsaq ki, Maldivdə də bu istiqamətdə təbliğat aparılır və iki dövlət qarşılıqlı olaraq vizanı aradan qaldırır, bu addım Maldivdə müəyyən seqmentlərin Azərbaycana səfərinə müsbət təsir göstərə bilər. Amma daha çox artımın Azərbaycandan həmin istiqamətə gedənlərin sayında müşahidə olunacağı ehtimal edilir".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
29
1
redaktor.az

2Sources