“İnkişaf və təhsil sahəsində baş verən dəyişikliklərə diqqətlə baxmaq və bu məsələləri gündəmə gətirmək bu gün xüsusilə vacibdir.”Mətbuat.az xəbər verir ki, bu fikirləri Vüsal Qasımlı — Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda panel müzakirələrdə çıxışı zamanı səsləndirib. O qeyd edib ki, qlobal miqyasda, xüsusilə inkişaf etməkdə olan ölkələrdə təhsil sahəsində mövcud problemlər ümumi inkişaf prosesinə birbaşa təsir göstərir. Onun sözlərinə görə, təhsilin keyfiyyətinin yüksəldilməsi yalnız ayrı-ayrı ölkələrin deyil, bütövlükdə dünya miqyasında dayanıqlı inkişafın əsas şərtlərindən biridir.Vüsal Qasımlı vurğulayıb ki, bu istiqamətdə vətəndaş cəmiyyətinin rolu, ictimai şüurun artırılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. O bildirib ki, inkişaf etməkdə olan ölkələrin təhsil sahəsində qazandığı təcrübələrin öyrənilməsi və uğurlu modellərin tətbiqi qlobal səviyyədə daha effektiv nəticələr verə bilər.İcraçı direktor əlavə edib ki, müasir dövrdə təhsil artıq yalnız milli məsələ deyil, qlobal xarakter daşıyır və bu sahədə birgə fəaliyyət gələcək nəsillərin rifahı baxımından vacib amillərdən biri hesab olunur.