EN

Ermənistan İran və Türkiyə ilə sərhədləri Rusiyadan təhvil alır

BAKI, 30 aprel. TELEQRAF

Ermənistan sərhədçiləri dövlətin imkanları artdıqca İran və Türkiyə ilə sərhəd sahələrində mərhələli şəkildə yerləşdiriləcək.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan cümə axşamı keçirdiyi brifinqdə bəyan edib.

Hökumət başçısı qeyd edib ki, 1990-cı illərin əvvəllərində imzalanmış sazişə əsasən, Ermənistan Sərhəd Qoşunlarının imkanlarının inkişafı ilə paralel olaraq dövlət sərhədinə nəzarət tədricən onların idarəçiliyinə keçməlidir.

"Qeyd etmək istəyirəm ki, biz sərhədin mühafizəsinə görə Rusiya sərhədçilərinə ödəniş edirik. Rusiya tərəfinin cari vəsaitlərin bu xidmətin göstərilməsi üçün kifayət etməməsi səbəbindən ödənişlərin artırılması məsələsini qaldırdığı hallar olub", – deyə Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, Ermənistan hakimiyyəti ödənişlərin artırılması ilə bağlı xərclənə biləcək vəsaitlərin yerli sərhədçilərin imkanlarının inkişafına yönəldilməsinin məqsədəuyğunluğunu nəzərdən keçirir. Paşinyan əlavə edib ki, resurslar artdıqca sərhədin daha çox hissəsi yerli qüvvələrin nəzarətinə keçə bilər.

O hesab edir ki, rusiyalı tərəfdaşlar Ermənistan üçün məqbul olan məbləğ daxilində işlərini davam etdirə bilərlər, nəzarətin qalan hissəsini isə İrəvan mərhələli şəkildə öz üzərinə götürəcək.

Xatırladaq ki, 2026-cı ilin fevralında Ermənistan sərhədçiləri Türkiyə ilə sərhəddəki "Axurik" buraxılış məntəqəsində rusiyalı həmkarlarını əvəz ediblər. Bundan əvvəl isə Rusiya sərhədçiləri Türkiyə ilə sərhəddəki "Marqara" və İranla sərhəddəki "Aqarak" buraxılış məntəqələrini tərk ediblər.

Chosen
37
teleqraf.com

1Sources