Aprelin 29-da, Ağverəndə Azərbaycan və Ermənistan baş nazir müavinləri Şahin Mustafayevlə Mher Qriqoryanın rəhbərliyi altında sərhəd delimitasiyası üzrə komissiyaların 13-cü görüşünün hər hansı üçüncü ölkənin xəritəsinə, ekspert rəyinə və digər xidmətlərinə ehtiyac duyulmadan, ikitərəfli format çərçivəsində nikbin sonluqla bitdiyi gün informasiya təxribatına əl atıldı ki, fikrimcə, bu da təsadüfi deyil.
Deputat Sahib Alıyev bunu Musavat.com-a, Azərbaycan və Ermənistanın delimitasiya üzrə komissiyalarının və nümayəndə heyətinin digər üzvlərinin İrəvandakı son görüşünü şərh edərkən bildirdi. Milli Məclis üzvü informasiya təxribatından bəhs edərkən aşağıdakı detalları açıqladı: “Söhbət daha çox troll emalatxanası kimi fəaliyyət göstərən və ən tanınmış yetirməsi də bizim İkinci Qarabağ savaşından yaxşı tanıdığımız Semyon Peqov olan “News Media” holdinqin rəhbəri Aram Qabrelyanovun Rusiyadakı hansısa quruma, bəlkə də “QRU”-ya istinadla yaxın illərdə Ermənistana 300 minə yaxın azərbaycanlının köçürüləcəyi xəbərindən gedir. Bunun informasiya təxribatı olduğunun bilinməməsi, xəbərin əsaslı təsir bağışlaması üçün orada guya soydaşlarımızın seçkidən dərhal sonra köçürülmələri planlaşdırılan yerlərin konkret adları da çəkilir ki, onlar da Göyçə, Qırxbulaq mahalları və Alagöz dağları ətəyindəki yurd yerlərimizdir. Qabrelyanov ikinci mərhələdə də guya Zəngəzura köç olması və orada “Ortaq Ev” layihəsi üzrə razılığa gəlindiyini bildirir. Yəni Zəngəzurun indiki vəziyyətdə olmasının əsas səbəkarlarının hazırlayıb, Qabrelyanova ötürdükləri informasiya təxribatında iddia olunur ki, guya Nikol Paşinyan nəinki soydaşlarımızın Zəngəzurdakı öz doğma el-obalarına dönmələri ilə razılaşıb, hətta orada Azərbaycanla birgə idarəçilik haqda üzərinə öhdəlik də götürüb”.
Sahib Alıyev bəlli ünvandan həyata keçirilən təxribatla eyni vaxtda Ermənistan daxilindəki hərəkətlənmədən də bəhs edərək, konkret fakta diqqət çəkdi: “Maraqlıdır ki, Moskvanın regiondakı vəziyyəti öz istədiyi hala gətirmək, yəni Ruben Vartanyanın yerinə yetirə bilmədiyi missiyasını reallaşdırmaq üçün Ermənistana göndərdiyi, sələfindən daha varlı, amma xeyli savadsız Samvel Karapetyan da eyni gündə gurultulu bir açıqlama verərək, 300 min azərbaycanlının Ermənistanda məskunlaşdırılmasının “Sünikin (Zəngəzurun) itirilməsi”, “Sevanın Göyçə gölünə çevrilməsi” və Ermənistanın türkləşməsi təhlükəsini yaratdığını bildirdi. Və onu da vurğulamağı unutmadı ki, bu, gələcəkdə 10 min azərbaycanlının Ermənistan ordusunda xidmət etməsi deməkdir. Samvel Karapetyanla hər şey aydındır, amma onun ”Ağıllı müdafiə” konsepsiyasının müəlliflərindən kimsə görəsən, niyə bu, zorən siyasətçiyə anlatmayıb ki, çox yaxın gələcəkdə onun nökərçilik etdiklərinin forpost gözündə gördüyü kiçik bir ölkənin heç bütövlükdə ordu heyətinin sayı 10 mini keçməyəcək. Çünki süni intellektin tətbiqi, dron robotlar və digər yeniliklər nəticəsində əksər ordularda canlı qüvvənin sayı azı 20-30 dəfə azalacaq”.
Deputatın sözlərinə görə, Qabrelyanovla Karapetyanın bağlı olduğu mərkəzin onlara yayılmasını məsləhət bildikləri bu məlumatların sırf informasiya təxribatı olduğunu təsdiqləyən əsas fakt isə ondan ibarətdir ki, azərbaycanlıların Ermənistandakı doğma yurd yerlərinə dönmələrini ən çox istəməyən iki adam varsa, onlardan biri və birincisi Paşinyandır: “Onun indiki halda bu məsələ ilə bağlı üzərinə öhdəlik götürməsi tam mümkünsüzdür ki, bunu Rusiyada da yaxşı bilirlər və səbəb də onlara bəllidir. Çünki Paşinyanın tam deyil, amma sıx bağlı olduğu digər güclərin də Ermənistana Rusiya necə yanaşırsa, o cür yanaşdıqları, yəni forpost gözündə gördükləri və azərbaycanlıların da oradakı yurdlarına dönmələrinin əleyhinə çıxdıqları kimsəyə sirr deyil. Qərbdəki bəlli çevrələr Qarabağdan özləri çıxıb gedənlərin geri qaytarılmalarından tez-tez dəm vurduqları halda, sayı “sevimli”lərindən azı 3 dəfə çox olan Qərbi Azərbaycan kökənlilərin də öz doğma yurdlarına dönmək haqlarının varlığını unudurlar. Elə isə məhz Azərbaycanla Ermənistan təmsilçiləri arasında sərhəd delimitasiyası üzrə komissiyaların 13-cü görüşü keçirildiyi və gündəlikdəki məsələ öz yerində, “hər iki tərəfin işgüzar dairələrinin iştirakı ilə ticarət-iqtisadi əməkdaşlığın inkişafı, qarşılıqlı mal və xidmət tədarükü” haqda da razılığa gəlindiyi, yəni normallaşma prosesində yeni bir mərhələnin başlanğıcının qoyulduğunun açıqlandığı bir gündə bu informasiya təxribatı nədən xəbər verir?”
Milli Məclisin üzvü informasiya təxribatı ilə bağlı sualın cavabında bunları söylədi: “Birincisi, ondan xəbər verir ki, Moskva 7 iyun seçkisində istədiyi namizədi Ermənistanda hakimiyyətə gətirə bilməsə belə, seçki kampaniyası zamanı Azərbaycan və Türkiyə əleyhinə əhval-ruhiyyənin dərinləşməsinə, qalıcılığına xidmət edən narrativlərinin intensiv şəkildə dilə gətirilərək, geniş yayılmasını özü üçün qənimət kimi qiymətləndirir. İkincisi, bununla Azərbaycanla Ermənistan arasında bütün səviyyələrdə danışıqların məhz ikitərəfli formatda getməsindən, onların məsləhətinə, vasitəçiliyinə ehtiyac duyulmamasından narazılıq diqqətə çatdırılır.
Üçüncüsü, iki ölkə arasında normallaşma prosesində hər bir irəliləyişə özlərinin marağına zərbə kimi yanaşılır. Dördüncüsü, görünür, Moskvanın apardığı açıq və gizli sorğularda Ermənistanda təkcə siyasətçiləri, yaxud da özlərini belə təqdim edənləri deyil, bütövlükdə cəmiyyəti də ən çox narahat edən məsələlərdən birinin azərbaycanlıların öz doğma yurdlarına qayıtmaları perspektivi olduğu üzə çıxıb. Ona görə də Paşinyana qarşı informasiya təxribatlarından birinin bu mövzuya həsr edilməsi düşünülüb”.
S.Alıyev əminliklə bildirdi ki, bu, informasiya təxribatındakı məlumatlar bir gün həqiqət olacaq:
"Rusiyanın və Qərbdəki bəlli çevrələrin nə düşünmələrindən, buna qarşı çıxıb-çıxmayacaqlarından asılı olmayaraq, azərbaycanlılar Ermənistandakı qədim yurd yerlərinə dönəcəklər. Kimdəsə buna şübhə varsa, torpaqlarımızı necə işğaldan qurtardığımızı və üzərində suverenliyimizi tam təmin etməmizi yada salsınlar. Adı çəkilən və çəkilməyən güclər bunun baş verməsini bəyəm istəyirdilər?"
Elşad Paşasoy,
Musavat.com