EN

7500 manat verdim ki, məni işə düzəltsin Taksi sürücüsündən dələduzluq

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Xırdalan şəhəri 4 saylı orta məktəbdə müəllim işləyən Sevda adlı şəxsə qarşı dələduzluq edib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, ona qarşı cinayət əməlini törədən 1984-cü il təvəllüdlü Gəncə şəhər sakini Ceyhun adlı şəxs olub. İstintaq sənədlərində göstərilib ki, Ceyhun tanışı Sevdaya iş yerini dəyişəcəyinə dair yalan vəd verib. 2022-ci ildə Xırdalan şəhəri, H.Əliyev prospekti 245 ünvanında yerləşən 1 saylı notariat ofisində görünüş üçün Sevda ilə borc müqaviləsi bağlayıb, ondan 7500 manat məbləğdə pulunu alıb. İş üzrə ifadə verən Ceyhun ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Sevdanı 2022-ci ilin iyul ayında təsadüfən taksi fəaliyyəti ilə məşğul olan zaman tanıyıb: “O mənim daimi müştərim olub. Həmin ərəfələrdə Sevda sıxıntılı olduğumu gördü və  nə olduğunu soruşdu. Ona maddi sıxıntılarımın olduğunu bildirdim. O da bildirdi ki, mənə köməklik edə bilər, lakin işinə görə topladığı pul olduğu üçün vaxtında qaytarmağımı xahiş etdi. Bundan sonra məndən nə qədər pul lazım olduğunu soruşdu. Mən də 7500 manat lazım olduğunu bildirdim”.Təqsirləndirilən şəxs qeyd edib ki, bundan bir neçə gün sonra Sevda ona zəng vurub, pulun hazır olduğunu deyib: “Sevda Xırdalan şəhərində görüşərək müqavilə bağlayaraq pulu mənə verə biləcəyini bildirdi. Həmin gün biz Xırdalan şəhərində 1 saylı notariat kontorunun qarşısında görüşdük. O, birlikdə həyat yoldaşı və atası da gəlmişdi. Biz həmin kontorda borc müqaviləsi imzaladıqdan sonra həmin məbləği mənə verdi və həmin ilin sonunadək həmin borcu geri ödəyəcəyimə dair razılığa gəldik. Həmin müddət çatdıqda sonra mənim maddi imkanım yaxşı olmadığı üçün borcu qaytara bilmədim. Sevdaya bu barədə məlumat verdim. Bundan sonra bir müddət də borcu ödəyə bilmədikdə barəmdə şikayət etdiyini öyrəndim”. Təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəyib, zərərçəkmişlə barışıb. O, “Vətən müharibəsi” iştirakçısı olduğunu, himayəsində azyaşlı uşağının olduğunu qeyd edib. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiq olunmasını xahiş edib. İş üzrə zərərçəkmiş Sevdanın sözlərinə görə, Abşeron rayonu, Xırdalan şəhəri 4 saylı orta məktəbdə müəllimə işləyir: “2022-cı ilin iyul ayında Ceyhun ilə tanış olmuşam. Həmin vaxt Ceyhuna Masazır qəsəbəsində yaşadığım üçün Xırdalan şəhərinə işə gedib-gəlməkdə çətinlik çəkdiyimi dedim. O, tanışının olduğunu və bu işdə köməklik edə biləcəyini, lakin bunun üçün müəyyən məbləğdə pul verməli olduğumu bildirdi. Ailəm ilə məsləhətləşdikdən sonra cavab verəcəyimi bildirdim. Bundan sonra ərim İlkin və atam Cümşüdlə məsləhətləşdikdən sonra Ceyhunla görüşüb, özləri söhbət etmək istədiklərini dedilər. Bundan sonra Ceyhunla mobil nömrə vasitəsi ilə əlaqə saxladım və 7500 manat müqabilində məni Masazır qəsəbəsində yerləşən 3 nömrəli orta məktəbə ingilis dili müəllimi kimi yerdəyişmə edəcəyinə söz verdi. Lakin pulu təcili olaraq verməli olduğumu dedi”. Zərərçəkmiş qeyd edib ki, daha sonra atası ilə birlikdə Ceyhunla Xırdalan şəhəri ərazisində yerləşən 1 nömrəli notariusun qarşısında görüşüblər: “Mən etibar etmədiyim üçün həmin pulu notariusda borc şəklində vermək istədiyimi dedim. O, etiraz etməyərək mənimlə razılaşdı. Buna görə də Xırdalan şəhərində yerləşən 1 saylı notariusda həmin 7500 manat pulu Ceyhuna verdim və evə qayıtdıq. Ceyhun əmrimin Masazır qəsəbəsində yerləşən 3 nömrəli orta məktəbə veriləcəyini dedi. Həmin gündən sonra dəfələrlə Ceyhunla əlaqə saxlasaq da, o, müxtəlif bəhanələrlə bizi aldatdı. Gah pulu başqa şəxsə verdiyini, gah da pul verdiyi şəxsin tutulduğunu dedi. Bir neçə ay keçməsinə baxmayaraq pulu qaytarmadığını gördüm və bu barədə polisə məlumat vermək qərarına gəldim”. Abşeron Rayon Məhkəməsinin hökmü ilə "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16 və 5.1-ci maddəsi tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub. Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
60
demokrat.az

1Sources