ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən gün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-polkovniki Şahin Bağırov "Temu" mallarının gecikməsi məsələsindən danışıb.
"Azərbaycanda birdən-birə “Temu”dan alınan yüklərin həcmi artıb. Bizə elektron məlumat verilmədən, birdən-birə çox sayda yük gətirilib hava linanına qoyuldu. Hava limanında gələn əmlakı yoxlamaq lazımdır. Ünvan sahibinin kim olduğunu bilmək lazımdır", - deyə o qeyd edib.
Bəs mallar hansı ölkədən gəlirsə, o, gömrükdə yoxlanmırmı?
Əgər mallar gəldiyi ölkədə yoxlanırsa, yenidən yoxlama onların keyfiyyət dərəcəsinə necə təsir edir?
Redaktor.az-a danışan iqtisadçı ekspert Akif Nəsirli qeyd etdi ki, mallar adətən göndərildiyi ölkənin gömrüyündə yoxlanılır, amma bu yoxlama yalnız ixrac tərəfinə aiddir və Azərbaycan gömrüyünü əvəz etmir.
"“Temu” kimi platformalardan gələn bağlamalar əsasən Çindən yola düşür. Çin gömrüyü ixrac zamanı malları skan edir, sənədləri yoxlayır, qadağan olunmuş və ya təhlükəli yük olub-olmadığına baxır. Amma onların məqsədi Çindən çıxan malın qanuniliyini təmin etməkdir, Azərbaycanda həmin malın idxalına icazə var-yox, rüsumu ödənilibmi, standartlara uyğundurmu – bunu Çin yoxlamır. Azərbaycan gömrüyü isə öz qanunlarına görə idxal olunan hər yükə baxmağa borcludur. Çünki mal başqa məqsədlərlə də gətirilə bilər. Məsələn, bəyan olunandan fərqli mal çıxar, narkotik və ya silah gizlədilə bilər, sertifikatsız, saxta, sağlamlıq üçün zərərli məhsul ola bilər. Üstəlik 300 dollardan yuxarı sifarişlər rüsuma cəlb olunur. Ünvan sahibinin kim olduğunu, malın dəyərini, miqdarını dəqiqləşdirmədən rüsum hesablamaq olmur. Şahin Bağırovun dediyi kimi, “Temu” bağlamaları birdən-birə, elektron öncədən məlumat olmadan kütləvi şəkildə hava limanına yığılıb. Əvvəlcədən elektron manifest verilməyəndə gömrük hansı bağlamanın kimə çatdığını, içində nə olduğunu bilmir. Ona görə hər birini açır, yoxlayır, bu da gecikmə yaradır".

Həmsöhbətimiz malların yenidən yoxlanılmasının keyfiyyətə təsiri haqda məlumat verdi:
"Yenidən yoxlama malın keyfiyyətinə birbaşa təsir etmir. Gömrük malı korlamır, rentgen edir, şübhəli olanda açır. Amma bağlama çox qalanda, günəş altında, rütubətdə qalsa elektronika, paltar, kosmetika xarab ola bilər. Yəni keyfiyyətə təsiri yoxlamanın özündən yox, anbarda qalma müddətindən gəlir".
Akif Nəsirli məsələnin necə tənzimlənməli olduğundan da bəhs etdi:"Birincisi, elektron öncədən məlumat sistemi məcburi olmalıdır. “Temu”, “Trendyol” kimi platformalar yükü təyyarəyə yükləməmişdən əvvəl bağlamaların siyahısını, alıcının VÖEN və ya FİN kodunu, malın adını, dəyərini Azərbaycan gömrüyünə göndərməlidir. Dünyada “pre-arrival data” adlanan bu sistem gecikməni 80 faiz azaldır. Türkiyə və Qazaxıstan artıq bunu tətbiq edib. İkincisi, risk analizi işləməlidir. Hər bağlamanı açmaq lazım deyil. Elektron məlumat varsa, sistem aşağı riskli bağlamaları yaşıl dəhlizlə buraxır, şübhəli olanları yoxlayır. Beləliklə həm qaçaqmalın qarşısı alınır, həm də vətəndaş malını tez alır.
Üçüncüsü, poçt operatorları və karqo şirkətləri məsuliyyət daşımalıdır. Onlar alıcıdan düzgün məlumat almalı, bəyan etməlidir. Əks halda cərimə olunmalıdır. İndi bir çox bağlamada “hədiyyə” yazılır, dəyəri aşağı göstərilir. Bu, gömrüyü məcbur edir ki, hamısını yoxlasın. Dördüncüsü, vətəndaş maarifləndirilməlidir. 300 dollar limit, qadağan olunmuş mallar, sertifikat tələb olunan məhsullar barədə aydın izahat olmalıdır. İnsan sifariş verəndə bilir ki, gömrükdə ilişə bilər".
Müsahibimiz sonda vurğuladı ki, Çin gömrüyünün yoxlaması Azərbaycan üçün yetərli deyil:
"Çünki hər ölkənin öz qanunu, rüsumu, təhlükəsizlik standartı var. Gecikmələrin səbəbi təkrar yoxlama yox, öncədən məlumatın olmaması və həcm artımına infrastrukturun hazır olmamasıdır. Elektron məlumat, risk analizi və karqo şirkətlərinin məsuliyyəti tətbiq olunsa, “Temu” bağlamaları da 2-3 günə çıxar".
Aytəkin TOFİQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.