Stressi idarə etmə bacarığı həm psixi, həm də fiziki sağlamlıq üçün son dərəcə vacibdir. Bu isə hər zaman asan olmur...
Poliqon "EatingWell" nəşrinə istinadən xəbər verir ki, stressi azaltmaq üçün effektiv vasitələrdən biri artıq mətbəxinizdə mövcuddur – bu, sarıkökdür.
Sarıkök zəncəfilkimilər ailəsinə aid bitkidir və əsrlərdir faydalı xüsusiyyətləri ilə tanınır. Onun əsas təsiredici maddəsi kurkumin adlanır. "ScienceDirect"də dərc olunan araşdırmaya görə, kurkumin iltihabı azaldır və hüceyrələri zədələnmədən qoruyur ki, bu da stresslə mübarizədə və əhvalın tənzimlənməsində mühüm rol oynaya bilər.
Kurkumin daha çox təbii iltihabəleyhinə vasitə kimi tanınır. "Psychiatry Online" platformasında yayımlanan tədqiqatlar da bunu təsdiqləyir. Dietoloq Karman Meyer bildirir ki, depressiya və iltihab çox vaxt bir-biri ilə əlaqəli olur.
"İltihab psixi sağlamlığa mənfi təsir göstərə bilər, depressiya isə orqanizmdə iltihabi reaksiyanı gücləndirir", deyə o izah edib.
Mütəxəssislər qeyd edirlər ki, kurkumin iltihab və depressiya ilə mübarizədə ümidverici nəticələr göstərib və sarıkök hətta iltihabı azaltmaq üçün 1 nömrəli ədviyyat adlandırılıb.
"İltihab və oksidativ stress əhvalı pisləşdirə və depressiya və ya narahatlıq riskini artıra bilər. Kurkuminin iltihabəleyhinə və antioksidant xüsusiyyətləri isə bu simptomları yüngülləşdirməyə və psixi sağlamlığı yaxşılaşdırmağa kömək edə bilər", deyə magistr dərəcəli həkim Miranda Qalati “Frontiers in Pharmacology” jurnalında dərc olunan araşdırmaya istinadən bildirib.
Bununla belə, məqalədə vurğulanır ki, sarıkök sağlam həyat tərzi ilə birlikdə psixi vəziyyəti yaxşılaşdırmaq üçün sadə təbii vasitə olsa da, panaseya deyil. Onun təsirini tam anlamaq üçün əlavə tədqiqatlara ehtiyac var. Narahatlıq və ya depressiya hallarında yalnız sarıkök güvənmək deyil, həkimlə məsləhətləşmək vacibdir.
Poliqon.info