EN

Sağlam gələcək naminə birgə mübarizə: Mingəçevirdə zərərli vərdişlərə qarşı maarifləndirici konfrans

Mingəçevir, 29 aprel, AZƏRTAC

Mingəçevirdə “Zərərli vərdişlərlə mübarizə” mövzusunda maarifləndirici konfrans təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə hüquq-mühafizə orqanlarının nümayəndələri, təhsil və psixoloji xidmət sahəsində çalışan mütəxəssislər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardından Dövlət Himni səsləndirilib.

Çıxışlarda zərərli vərdişlərin cəmiyyət üçün yaratdığı təhlükələrdən danışılıb, bu istiqamətdə maarifləndirmənin vacibliyi vurğulanıb. Ailə və məktəbin birgə fəaliyyətinin yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq tutulmasında mühüm rol oynadığına diqqət çəkilib. Psixoloji sağlamlığın qorunması və stressin düzgün idarə olunmasının mənfi halların qarşısının alınmasında əsas amillərdən biri olduğu vurğulanıb. Zərərli vərdişlərin hüquqi nəticələri barədə də məlumat verilib.

Zərərli vərdişlərə qarşı mübarizənin yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin – məktəbin, valideynlərin və hər bir vətəndaşın birgə məsuliyyəti olduğu diqqətə çatdırılıb. Maarifləndirmə işlərinin gücləndirilməsi, yeniyetmə və gənclərlə düzgün ünsiyyət, sağlam həyat tərzinin təbliğinin bu istiqamətdə əsas prioritetlərdən hesab olunduğu qeyd edilib.

Mövzu ətrafında tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb.

Müxbir – Vüsalə Cənnətova

Chosen
89
1
azertag.az

2Sources