EN

ABŞ: Müharibədən sonra İranda hakimiyyət dəyişikliyi baş verdi » AzadMedia.az

ABŞ:


ABŞ-ın nüfuzlu nəşri olan The New York Times yazır ki, Yaxın Şərqdə müharibənin başlamasından sonra İran daxilində hakimiyyətin strukturu ciddi şəkildə dəyişib.
Məlumata görə, ali dini lider Əli Xamenei-nin öldürülməsindən sonra ölkədə qısa müddətli hakimiyyət boşluğu yaranıb. Lakin bu boşluq tezliklə doldurulub və idarəetmə sistemi yeni formaya keçib. Hazırda ölkədə kollektiv rəhbərlik modeli formalaşıb və burada əsas rol İslam İnqilabı Keşikçiləri Korpusu-na (SEPAH) məxsusdur.

Xameneinin oğlu və varisi Möctəba Xamenei formal olaraq lider olsa da, onun səlahiyyətləri əvvəlki kimi geniş deyil. Bildirilir ki, təhlükəsizlik, müharibə və diplomatiya ilə bağlı əsas qərarlar SEPAH komandirlərindən ibarət qrup tərəfindən kollektiv şəkildə qəbul olunur.

Mənbələrə görə, ağır yaralanmasına baxmayaraq, Əli Xamenei hələ də sağdır və idarəetmədə müəyyən rol oynayır. O, bir neçə əməliyyat keçirib, danışmaqda çətinlik çəkir və yalnız yazılı bəyanatlarla çıxış edir.

Ekspertlərin fikrincə, müharibədən sonra ən böyük güc məhz SEPAH-ın əlində cəmləşib. Bu qurum artıq dövlət idarəçiliyində, iqtisadi sektorlarda və xarici əməliyyatlarda əsas təsir gücünə malikdir. Hətta ABŞ-la danışıqlarda ilk dəfə olaraq hərbi korpusun nümayəndələri iştirak edir.
ABŞ prezidenti Donald Trump daha əvvəl “rejim dəyişikliyi” barədə danışsa da, faktiki olaraq İran İslam Respublikası qorunub saxlanılıb. Lakin hakimiyyət daha sərt hərbi elitanın nəzarətinə keçib və dini dairələrin təsiri azalıb.

Məlumata görə, ölkə daxilində siyasi və hərbi qanadlar arasında fikir ayrılıqları da qalmaqdadır. Xüsusilə ABŞ-la danışıqlar məsələsində hərbçilər daha sərt mövqe sərgiləyir.
Buna baxmayaraq, hazırda qüvvədə olan atəşkəs rejiminə rəğmən, vəziyyət qeyri-müəyyən olaraq qalır. İranın nüvə proqramı ilə bağlı güzəştə gedib-getməyəcəyi isə hələ də açıq sual kimi qalır.

Chosen
15
1
azadmedia.az

2Sources