EN

Əsas problem kadr çatışmazlığıdır...

Bizimyol saytına istinadən ain.az xəbər verir.

WUF13 (BMT-nin Ümumdünya Şəhərsalma Forumu) şəhərlərin gələcəyi, dayanıqlı inkişaf və urbanizasiya problemlərinin müzakirə olunduğu ən nüfuzlu beynəlxalq platformalardan biridir. Bu forum şəhərlərin daha yaşana bilən, ekoloji cəhətdən dayanıqlı və inklüziv inkişafına dair qlobal təcrübələrin bölüşülməsinə imkan yaradır.

Şəhərsalma prinsiplərinin real layihələrə tətbiqi zamanı ən böyük çətinliklər hansılardır?

Bu barədə Bizimyol.info xəbər portalına Ümumdünya Reklamçılar Birliyinin üzvü, memar Cahid Həsənov bildirib ki, əsas müzakirə olunan mövzularından biri də kadr çatışmazlığıdır: “Azərbaycanda memarlıq və şəhərsalma müstəvisində görülən işlər artıq dünya standartlarına təkcə cavab vermir, həm də bunu tam məsuliyyətimlə deyə bilərəm ki, qabaqlayır. Bakı şəhərində belə bir beynəlxalq tədbirin keçirilməsi də bunun bariz nümunəsidir. Şəhərsalma prinsiplərinin real layihələrə tətbiqində əsas çətinliklərdən biri isə yeni dövrün tələblərinə uyğun yanaşma modelinin formalaşdırılması ilə bağlıdır. Söhbət artıq ekoloji təmiz, rahat və yaşıl şəhər konsepsiyasından gedir və bu, memarlar, mühəndislər və aidiyyəti qurumlar qarşısında yeni öhdəliklər qoyur.

Bu baxımdan, layihələndirmə institutlarında yaşıl şəhər yanaşmalarının genişləndirilməsi, həmçinin universitetlərdə memarlıq və mühəndislik sahəsində yeni ixtisasların, kafedraların yaradılması vacib hesab olunur. Məqsəd gələcəkdə bu istiqamətdə peşəkar mütəxəssislərin hazırlanmasına və dayanıqlı şəhərsalmanın inkişafına şərait yaratmaqdır.

Bu gün əsas müzakirə mövzularından biri də kadr çatışmazlığıdır və bu problemin həllinə artıq indidən başlanılmalıdır. Layihə institutlarının özündə “yaşıl şəhər” konsepsiyası üzrə ixtisaslaşmış, bu sahəni bilən memar və mühəndisləri bir araya gətirən bir layihə institutu olmalıdır. Həm təhsili, davamında isə institut olmalıdır. Hazırda əlaqədar qurumlarda bu istiqamətdə kifayət qədər mütəxəssis yoxdur”.

Cahid Həsənov həmçinin vurğulayıb: “Məhz dünən Bakı şəhərinin kanalizasiya sisteminin yenilənməsi ilə bağlı vəsait ayrılması sevindirici haldır. Şəhərin rahatlığı, estetik görünüşü və ekoloji təmizliyi məhz bu kimi infrastruktur layihələrindən başlayır. Mövcud kanalizasiya sistemi isə 30-50-70 il bundan əvvəl hələ sovet dövründə, təxminən 1 milyon əhali üçün nəzərdə tutulmuş və köhnə texnologiyalar əsasında qurulmuşdu. Bu gün isə Bakı əhalisinin sayı dəfələrlə artaraq təxminən 4 milyona çatıb və mövcud sistem artıq bu yükü qarşılamaq imkanında deyil. Buna görə də atılan bu addımlar intensiv surətdə b unu göstərir. Bu, az vəsait də deyil. Bəzən güclü və uzunmüddətli yağışlardan sonra küçələrdə toplanan su qısa müddətdə müasir texnologiyalar vasitəsilə çəkilir. Lakin asfaltın altına və binaların zirzəmilərinə dolan sular gözə görünmür və uzun müddət qalaraq ciddi fəsadlar yaradır. Bu nəm və rütubət sonradan tikililərin vəziyyətinə təsir göstərir, eyni zamanda pis qoxu, həşəratların çoxalması, havanın ağırlaşması kimi fəsadlar verirdi.

Təsəvvür edin ki, 9, 10, hətta 15 mərtəbəli binalarda yaşayan insanların zirzəmilərində kanalizasiya sisteminin yükü daşıya bilməməsi səbəbindən illərlə su yığılır və bu ab-hava birbaşa onların nəfəs aldığı havaya təsir edir. Şəhərsalma da məhz bu cür problemlərin həllindən başlayır”.

Cahid Həsənov əlavə edib: “Bundan sonra başqa istiqamətlər üzrə çətinliklər gözlənilmir. Növbəti mərhələdə artıq yaşıl şəhər konsepsiyasının formalaşdırılması, yaşıllıq zolaqlarının artırılması, binaların təbii işıqlanması və aralarındakı təbii havalandırma mexanizmlərinin təmin edilməsi üçün yeni layihə və qaydaların tətbiqi gündəmdə olacaq. Bütün bunlar yaxın gələcəkdə daha rahat, komfortlu, eyni zamanda yaşıl, ağıllı və ekoloji şəhər modelinin formalaşmasına zəmin yaradır. Bu yanaşmanın mərkəzində isə insan amili dayanır. Yəni insan şəhərdə yaşayırsa, həm təbiəti, həm də ekologiyası təmiz olmalıdır.

Məhz belə bir beynəlxalq tədbirin Bakıda keçirilməsi şəhərin bu istiqamətdə hazır olduğunu göstərir. Eyni zamanda forumdan sonra yeni təkliflərin və layihələrin ortaya çıxması, növbəti mərhələdə atılacaq addımlara ciddi təkan verəcək. Bu da memarlar və şəhərsalma mütəxəssisləri üçün əsas diqqət mərkəzində olan məsələlərdəndir”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
39
bizimyol.info

1Sources