EN

Azad rayonların bərpasında ciddi maliyyə pozuntuları - özəl şirkətlər xərci dövlətə “yükləyiblər”...



Fuad İbrahimov: “Əgər normal, ədalətli tender keçirilsəydi, bu dərəcədə neqativ hallar baş verməzdi”

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən tikinti və bərpa layihələri ilə bağlı bəzi ciddi nöqsanları açıqlayıb. O bildirib ki, bir sıra hallarda ayrılmış büdcə vəsaitlərindən qənaətli və səmərəli istifadə prinsiplərinə tam əməl olunmayıb.

Sədrin sözlərinə görə, əslində kommersiya subyektləri tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan bazar kompleksi, məişət xidməti obyektləri, market və ticarət binalarının tikintisi dövlət büdcəsi hesabına həyata keçirilib. Bu isə sosial xarakter daşımayan xərclərin dövlət vəsaiti ilə qarşılanmasına səbəb olub. Eyni zamanda, yaşayış evlərinin və mənzillərin layihələndirilməsində daha səmərəli yanaşmanın təmin edilmədiyi də vurğulanıb. Gülməmmədov onu da əlavə edib ki, “Qarabağa qayıdış” proqramı çərçivəsində yaşayış məntəqələrinin planlaşdırılması zamanı təbii relyefin tam nəzərə alınmaması əlavə xərclər yaradıb.

Məlum məsələdir ki, bu cür neqativ hallar işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə mənfi təsir edir, prosesi uzadır. Belə halların qarşısını almaq üçün hansı real addımlar atılmalıdır, hansı şəffaf mexanizmlər olmalıdır?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən iqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, buna birmənalı cavab vermək çətindir: “Çünki bu məsələlər o qədər qapalı və ictimailəşdirilməyən istiqamətdə gedir ki, fikir söyləmək çətin olur. Bu layihələrin təklifində, bu formatda aparılmasında problemlər var. Aydın məsələdir ki, ən iri layihələri birbaşa cənab Prezident öz nəzarətində saxlayır. Söhbət strateji baxımdan vacib olan layihələrdən gedir. Bunun da sayəsində müsbət təsiri olan bir mühit formalaşır. Lakin Hesablama Palatasının hesabatından məlum olur ki, ortada ciddi nöqsanlar var. Bu, əslində qeyri-peşəkarlıqdan irəli gələn nöqsanlardır. Məlum olur ki, vəsaitlər təyinatı üzrə istifadə edilməyib. Əgər normal, ədalətli tender keçirilsəydi, bu dərəcədə neqativ hallar baş verməzdi. İşi bilən şirkət layihəni həyata keçirərdi və həmin problemlər yaranmazdı. Əfsuslar olsun ki, bizdə tenderlər şəffaf keçirilmir. Fikrimcə, əhalinin özünə evlərin tikilməsi ilə bağlı icazə verilsəydi, büdcə xərclərinə dəfələrlə qənaət etmək olardı. Üstəlik, tikinti daha tez və sürətli olardı. Hazırda nə qədər vətəndaşlar müraciət edirlər ki, öz vəsaitləri hesabına ev tikmək istəyir. Biz isə bütün yükü hökumətin üzərinə qoymuşuq. Diferensial qaydadan, yəni çoxtərəfli yanaşmadan gözəl yanaşma yoxdur. Bu variant bütün imkanları yaradır. Biz isə bir mono xətt götürmüşük və onunla da gedirik. Ortaya çıxan nöqsanlar hələ ilkin siqnallardır. Əgər, peşəkar auditorlar yoxlamalara başlasalar, bundan dəfələrlə çox nöqsanlar ortaya çıxacaq. Ona görə də hesab edirəm ki, belə halların qarşısını almaq üçün sistem dəyişməlidir. Tikinti layihələrini həyata keçirənlərə hərtərəfli imkanlar yaradılmalıdır. Yalnız bəlli orqanlar bu işlə məşğul olmamalıdır. İşğaldan azad edilən rayonlarda elə layihələr var ki, ötən il başa çatmalı idi, amma onların tikintisi gələn il bitəcək. Niyə? Deməli, nələrsə düzgün getmir”.

Vidadi ORDAHALLI

Chosen
30
baki-xeber.com

1Sources