EN

Almaniyanın maliyyə naziri Trampı qlobal iqtisadi böhranı qızışdırmaqda ittiham edib

Berlin Vaşinqtonun İrana qarşı addımlarının enerji bazarlarında şok effekti yaratdığını bildirib...

Poliqon xəbər verir ki, Almaniyanın maliyyə naziri Lars Klinqbayl ABŞ-nin keçmiş prezidenti Donald Tramp administrasiyasının İrana qarşı siyasətini sərt şəkildə tənqid edərək, bunun qlobal iqtisadi sabitliyə ciddi zərbə vurduğunu bəyan edib. Nazir bildirib ki, məsuliyyətsiz hücumlar nəticəsində dünya enerji bazarlarında qiymət şoku yaranıb və bu, xüsusilə Avropa iqtisadiyyatına mənfi təsir göstərir.

Onun sözlərinə görə, yaranmış vəziyyət Almaniya iqtisadiyyatının bu il üçün nəzərdə tutulan artım tempinə ciddi təsir edib və ilkin proqnozlarla müqayisədə iqtisadi artımın iki dəfə azalacağı gözlənilir. Klinqbayl vurğulayıb ki, enerji daşıyıcılarının bahalaşması sənaye müəssisələrinin fəaliyyətini çətinləşdirir, eyni zamanda təchizat zəncirlərində baş verən pozuntular iqtisadi fəallığı zəiflədir.

Nazir əlavə edib ki, baş verənlər Almaniyanın birbaşa iştirak etmədiyi münaqişənin nəticəsi olsa da, onun təsirləri ölkə daxilində açıq şəkildə hiss olunur. O qeyd edib ki, yanacaqdoldurma məntəqələrində qiymət artımı, biznes sektorunun yüksək enerji xərcləri ilə üzləşməsi və logistika problemləri yeni iqtisadi böhran riskini gücləndirir.

“Bu, bizim müharibəmiz deyil, bunu xüsusi vurğulamaq istəyirəm. Lakin biz onun böyük təsirini burada hiss edirik. Müharibənin nəticələri yanacaqdoldurma məntəqələrində görünür, şirkətlər yüksək enerji qiymətlərindən və təchizat zəncirlərinin pozulmasından əziyyət çəkir və biz yenidən yeni böhranın güclü zərbəsini alırıq”, – deyə alman rəsmisi bildirib.

Mütəxəssislər hesab edir ki, Yaxın Şərqdə gərginliyin artması fonunda enerji bazarlarında qeyri-sabitlik davam edərsə, bu, yalnız Almaniya deyil, ümumilikdə Avropa İttifaqı ölkələrinin iqtisadi göstəricilərinə mənfi təsir göstərə bilər. Xüsusilə sənaye yönümlü iqtisadiyyata malik ölkələrdə istehsal xərclərinin artması və inflyasiya təzyiqlərinin güclənməsi gözlənilir.

Poliqon.info

Chosen
52
poliqon.info

1Sources