EN

Sərt qanunlar kölgəsində “söyüş mediası” Almaniya niyə göz yumur?

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniya Federativ Respublikasının qanunvericiliyində son 10 ildə aparılan yeniliklər klassik media ilə sosial şəbəkələr üzərindəki məsuliyyət yükünü yaxınlaşdırır. İnformasiya məzmunda yol verilən xətta (böhtan və təhqir, nifrət nitqi, yalan məlumat və s) media subyekti və ya şəbəkə platforması üzərindən paylaşılmasının fərqinə varmadan, hüquqi məsuliyyət doğurur. 

AFR qanunvericliyinin özəlliyi budur ki, o, təkcə qüsurlu məzmunu paylaşanlar üçün deyil, həm də bu paylaşımlara yer verən platformalar üçün məsuliyyət müəyyənləşdirir. Sosial şəbəkə platformaları qanunsuz məzmunu silmək, şikayət mexanizmini optimallaşdırmaq, şəffaflıq hesabatları təqdim etmək kimi öhdəliklər daşıyır.

Mövcud çağrışları nəzərə alaraq, Almaniya sosial şəbəkə seqmenti üzərində nəzarət həyata keçirir və bunu qanunlarla tənzimləyir. Şərti olaraq “Facebook Aktı” və ya  “Sosial şəbəkələrdə qaydaların tətbiqi Aktı”  adlandırılan “Netzwerkdurchsetzungsgesetz” qanunu ( NetzDG) 2018-ci ildən qüvvəyə minib.

Sosial media  səhifələrində “yalan xəbərlərin kəmiyyətini azaltmaq”, “dezinformasiya yayımına mane olmaq”, “nifrət nitqinin qarşısını almaq”, “təhqir və böhtan səsləndirilməsinə mane olmaq”, “şəxsi məlumatların paylaşılmasını yasaqlamaq” və digər bu kimi vacib istiqamətlərə nəzarət etmək üçün qəbul edilmiş  NetzDG qanunu sosial şəbəkə istifadəçiləri ilə yanaşı platforma adminlərinin də  məsuliyyətini müəyyən edir.  2 milyondan çox istifadəçisi olan platformalar  Almaniyada öz ofislərini açmalı, barəsində şikayət edilən qanunsuz məzmunu, hətta  mübahisəli olduğu təqdirdə dərhal silməlidirlər .

Qanuna əsasən, sosial şəbəkə operatorları Almaniyada hüquq-mühafizə orqanlarının sorğularına cavab verməyə, həmçinin, qanunsuz olduğu heç bir şübhə doğurmayan məzmunu 24 saat ərzində silməyə, mübahisəli məzmunu isə 7 gün ərzində bloklamağa məcburdurlar. Platforma adminləri qanunu pozduqları təqdirdə böyük maliyyə cəzalarına məruz qalırlar. Bu tələblərə riayət etməyən platformaları 10 milyonlarla avro məbləğində cərimələr gözləyir.

NetzDG-nin tətbiqindən sonra sosial şəbəkələrin Almaniya seqmentində vəziyyət nəzərəçarpacaq dərəcədə dəyişib. “Facebook”, “YouTube” və “Twitter”in təqdim etdiyi hesabatlara görə, bu ölkə üzrə milyonlarla şikayət araşdırılıb. Təkcə 2018-ci ilin ilk 6 ayı ərzində “Facebook” 264,818, “YouTube” 214,827, “Twitter” isə 886 şikayət doğuran məlumatı araşdırıb və mübahisəli olduğu üçün bloklayıb. Sonrakı ildə YouTube Almaniya seqmenti üzrə 285 min videonu NetzDG qanununun tələbləri  çərçivəsində silib. Əksər platformalar nifrət nitqi, siyasi ekstremizm və terror təbliğatı adı ilə çoxsaylı məzmunun silindiyini qeyd ediblər.

NetzDG ilə yanaşı, Almaniya Federativ Respublikasında sosial şəbəkələrin fəaliyyətinə bir neçə digər normativ aktlar da təsir göstərir. DSGVO (Ümumi məlumatların qorunması Qanunu) onlayn informasiya resurslarında şəxsi məlumatların qorunması üzrə əsas sənəddir. Yaxud,  peşəkar media platformaları üçün illər öncə qəbul edilmiş “Medienstaatsvertrag Akt”ı  2020-ci ildə yeniləşdirilib və onlayn platformaları klassik media ilə eyni tənzimləmə çərçivəsinə daxil edib.

Beləliklə, AFR-də təkcə klassik media səhifələrində deyil, həm də sosial şəbəkə platformalarında informasiya yayımı çərçivəyə alınıb. Qanunla yasaq edilən məlumatları paylaşanlar, həmçinin, bu paylaşımlara şərait yaradan platformalar üçün sərt cəzalar müəyyən edilib. Yeri gəlmişək qeyd edək ki, NetzDG, BDSG və digər bu tip qanunların qəbul edilməsi Almaniyada ifadə azadlığı ilə bağlı mübahisələri də gündəmə gətirib. Həddindən artıq məzmun silinməsi problemi ən çox tənqid edilən məqamlardandır. Platformalar yüksək cərimə riskindən yayınmaq üçün bəzən qanunsuz sayılmayan mübahisəli məzmunları da silirlər.

Avropa Şurası bu qanunun Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi ilə ziddiyyət təşkil etdiyini açıqlayıb. “Sərhədsiz Repartyorlar Təşkilatı” isə qeyd edir ki, xəbərin saxta və ya düzgün olmasına məhkəmə qərar verməlidir. “Sosial şəbəkələrdə qaydaların tətbiqi Qanunu” isə məhkəmələrə aid olan bu səlahiyyəti inzibati icra qurumu olan Ədliyyə İdarəsinə həvalə edir. Facebook və Google-dan tələb olunur ki, saxtalığı nəinki təsdiq edilmiş, hətta mübahisə doğuran məzmunu da bloklasınlar. Bu kontekstdə yanaşsaq, Almaniya demokratik media mühiti baxımından dünyanın ən qabaqcıl ölkəsi deyil. Məsələn, “Sərhədsiz Repartyorlar”ın “media azadlığı indeksi”nə baxsaq, Almaniyadan qabaqda 11 dövlətin dayandığını görərik. Bu baxımdan Almaniya hüquqşünasları hakimiyyəti tənqid edir, daha şəffaf şikayət prosedurları və məhkəmə nəzarətinin artırılmasını tələb edirlər.

Bütün bunlara rəğmən, Almaniya dövləti geri çəkilmir: informasiya manipulyasiyalarının, dezinformasiya yayımının, təhqir, böhtan, şər xarakterli çıxışların qarşısını almaq üçün zəruri qanunlar qəbul edir. Məlumat üçün bildirək ki, bu ölkədə şər, böhtan və təhqir xarakterli məlumatların media üzərindən yayılmasına görə cəzalar Cinayət Məcəlləsi ilə tənzimlənir. Şəxsi həyatın toxunulmazlığı qanunlarla təmin edilir. Almaniya qanunvericiliyinə görə, bu prinsiplər üzrə yol verilmiş yanlış hərəkətlərə görə həm jurnalistləri, həm media subyektlərini sahiblərinə, həm də sosial şəbəkə istifadəçilərinə pul cəriməsindən tutmuş 5 ilədək azadlıqdan məhrumetmə cəzasına qədər müxtəlif sanksiyalar tətbiq edilə bilir.  

Eyni prinsip xəbər istehsalçılarının siyasətçilərə, məmurlara və digər rəsmi şəxslərə münasibətləri kontekstində də keçərlidir. Məsələn, Almaniya kansleri Fridrix Mertsə qarşı sosial media üzərindən təhqir yazanlara qarşı 100-lərlə məhkəmə işi açılıb. Bəzi hallarda ayrı-ayrı şəxslərin evlərində axtarışlar aparılıb, telefonları müsadirə edilib. Yaxud, “Deutschland-Kurier” qəzetinin baş redaktoru David Bendels 2025-ci ilin aprel ayında Federal Daxili İşlər Naziri Nensi Faeserin manipulyasiya edilmiş şəklini “X” də paylaşdığına görə böhtan maddəsi ilə 7 aylıq şərti həbs cəzasına məhkum edilib. Həmçinin, “Der Spiegel“ jurnalının redaktoru Claas Relotius 2018-ci ildə saxtalaşdırılmış faktlar və uydurma müsahibələr dərc etdiyinə görə işlədiyi media qurumdan uzaqlaşdırılıb. Ona verilmiş mükafat və fəxri adlar geri alınıb və sair.

Yeri gəlmişkən qeyd edək ki, Almaniyada siyasətçilərin şərəf və ləyaqətinin hüquqi müdafiəsini təmin edən sərt qaydalar mövcuddur. AFR Cinayət Məcəlləsinin (StGB) 188-ci maddəsinə əsasən, siyasətçini “ictimai fəaliyyətinə əhəmiyyətli dərəcədə mane ola biləcək” şəkildə təhqir edən hər kəs 3 ilə qədər həbs cəzası və ya cərimə ilə cəzalandırıla bilər.

Paradoksal hal budur ki, ifadə azadlığının standartlarını müəyyənləşdirmək naminə çeşidli tənqidlərə sinə gərən, bütün ittihamlara göz yumub sərt informasiya qanunlarını qəbul edən Almaniya hökuməti sonucda bu qanunları özü pozur. Ərazisində məskunlaşan, şərti adı “söyüş müxalifəti” və ya “söyüş mediası” olan qrupun fəaliyyətinə sadəcə laqeyid yanaşmır. Belə demək üçün ciddi əsaslar var.

Bəli, “söyüş müxalifəti” və ya “söyüş mediası” adlandırılan qrupun üzvləri mənşəcə azərbaycanlılardır. Amma yaşadıqları, fəaliyyət göstərdikləri ölkələrin qanunlarına tabedirlər. Onlardan bir qismi indiki halda, Almaniyanın hüquqi səalhiyyəti çərçivəsindədirlər. Məsələn, Tural Sadıqlı 23 aprel tarixli çıxışında qeyd edir ki , onun “Azad söz”  adlı yutub kanalı Almaniya ərazisində, Almaniya qanunları çərçivəsində təsis edilib, fəaliyyət göstərir.  “Media fəaliyyətimə görə bu ölkədə vergi ödəyir, hesabatlar verirəm”- deyir.

O, həmçinin, Almaniya Jurnalistlər Birliyinin üzvü olduğunu da qeyd edir. Məlumat üçün qeyd edək ki, Almaniya Jurnalistlər Birliyinin (Deutscher Journalisten-Verband) tətbiq etdiyi standartlara görə, “gündəlik işi informasiya istehsalından ibarət olan; bu işdən maddi gəlir götürərək vergi verən; etik kodeksə sayqı göstərdiyini bəyan edən hər bir şəxs AJB üzvlüyünə qəbul edilir”, jurnalist vəsiqəsi ala bilir. 

Göründüyü kimi, AJB-nin üzvlüyə qəbul edilən şəxs üçün irəli sürdüyü tələblərdən biri də, “şəxsin jurnalistlərin etik kodeksinə” əməl etməsidir. Amma “Azad söz” kanalı jurnalistlərin həm milli, həm də beynəlxalq kodekslərində təsbit olunan bütün prinsipləri birmənalı şəkildə pozur. Söyüş, təhqir, böhtan, dezinformasiya yayımını adı hala çevirir.

Əgər bu “kanal” Almaniya ərazisində təsis edilib, bu ölkə qanunları əsasında fəaliyyət göstərsə, amma bütün fəaliyyəti ilə Almaniya qanunlarında təsbir edilmiş informasiya prinsiplərini pozursa, deməli Almaniya qanunları qarşısında məsuliyyət daşıyır. Diqqət yetirsək görərik ki, o, öz çıxışlarında Almaniya qanunları ilə müəyyənləşdirilmiş “dezinformasiya yaymamaq”, “nifrət nitqinə yol verməmək”, “şər atmamaq, böhtan səsləndirməmək” prinsiplərini pozur. Jurnalistika prinsiplərini ayaqlayaraq, Azərbaycan xalqına, dövlətinə, rəsmilərinə qarşı informasiya savaşı aparır.

Almaniya dövləti öz ərazisində qanunların bu formada tapdalanmasına nə üçün göz yumur? O qanunlar yalnız Almaniya xalqına, Almaniya rəsmilərinə qarşı münasibəti tənzimləyir, yoxsa ümumilikdə media fəaliyyətini? Azərbaycanın müvafiq dövlət qurumlarının bu sualları Almaniya qarşısında qaldırmasının zamanı çoxdan çatıb. 

Sual oluna bilər ki, Almaniyada hər hansısa media nümayəndəsi, sosial media istifadəçisi kansler Merts haqqında Tural Sadıqlının Azərbaycan və Azərbaycan hakimiyyəti haqqında dediklərinin 10 faizini desəydi, aqibəti necə olardı. Mövcud praktikaya əsaslanaraq birmənalı demək olar ki, ciddi cəza tədbirləri görülərdi.  Amma Tural Sadıqlınln və Almaniyaya sığınmış digər ünsürlərin hədəfi nə Almaniyadır, nə də Merts. Hədəf Azərbaycandır və Tural Sadıqlı kimilərinin toxunulmazlığı sadəcə laqeydlik ola bilməz. Bu Almaniya dövlətinin, xüsusi xidmət orqanlarının sistemli şəkildə Azərbaycana qarşı apardığı hibrid müharibənin tərkib hissəsidir. Kürd separatçılarını bəsləyən, maliyyələşdirən, istiqamətləndirən Almaniya indi də bənzər vasitələrlə Azərbaycanı vurmağa çalışır. Və bu gün Almaniyadan Azərbaycana qarşı “söyüş şəbəkəsinin” dili ilə ifadə olunan təhqir və təhdidlər sadəcə Tural Sadıqlı kimilərinin əməli kimi deyil, Almaniya dövlətinin Azərbaycanla bağlı yürütdüyü siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Müşfiq Ələsgərli

Mətbuat Şurası İdarə heyətinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
28
qafqazinfo.az

1Sources