Rusiyanın Ukraynadan oğurladığı iddia edilən taxıl daşıyan "Panoramitis" gəmisinin İsrailə getməsi Kiyevlə Təl-Əviv arasında diplomatik mübahisəyə səbəb olub. Kiyev "Panoramitis" gəmisinin müsadirə edilməsi üçün İsrailə rəsmi müraciət edib.
İsrailin xarici işlər naziri Gideon Saar X-də dünən paylaşım edərək bildirib ki, onlar Ukrayna hökumətinin Rusiya tərəfindən Ukraynadan oğurlandığı iddia edilən taxıl daşıyan gəminin ələ keçirilməsi tələbini "tvit etməzdən əvvəl" təqdim etməsini gözləyirlər. Saar sonrakı paylaşımında isə Ukraynanın sorğusunun artıq onlara təqdim edildiyini və hazırda araşdırıldığını bildirib. Nazir Ukrayna xarici işlər nazirinin bununla bağlı tvitlərini isə sərt tənqid edib. Saar "Diplomatik münasibətlər, xüsusilə dost ölkələr arasında Twitter və ya media vasitəsilə aparılmır" deyərək ukraynalı həmkarına cavab verib.
Ukraynanın Baş Prokuroru Ruslan Kravçenko sosial mediada Rusiya tərəfindən Ukraynadan oğurlandığı iddia edilən taxılın qanunsuz ixracı ilə bağlı istintaq çərçivəsində İsrailə rəsmi müraciət etdiklərini açıqlayıb. Kravçenko bildirib ki, Ukrayna taxılını İsrailə daşıdığı iddia edilən Rusiya gəmisi "Panoramitis"lə bağlı ki, lazımi sənədlər İsrail tərəfinə göndərilib.
"Baş Prokurorluq istintaqın bir hissəsi olaraq qanunsuz ixrac edilən Ukrayna taxılını leqallaşdırmaq planının bir hissəsi olduğu düşünülən "Panoramitis" gəmisini və yükünü ələ keçirməyə cəhd edib" – deyə Kravçenko bildirib.
Kravçenko gəminin İsrailin Hayfa şəhərinə doğru getdiyini bildirib və əlavə edib ki, Ukrayna tərəfi müttəfiqi İsraildən gəmini və yükünü ələ keçirmələrini, axtarış aparmalarını, gəmi və yük sənədlərini müsadirə etmələrini, taxıl nümunələri götürmələrini və heyət üzvlərini dindirmələrini tələb edir.
Xatırladaq ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa aprelin 27-də sosial mediada Rusiya tərəfindən Ukraynadan oğurlandığı iddia edilən taxıl daşıyan gəminin Hayfaya çatdığını və buna görə İsrail səfiri Mixael Brodskini Xarici İşlər Nazirliyinə çağırdıqlarını açıqlayıb.
Ukrayna Prezidenti Zelensky isə, həm bu taxılı birbaşa daşıyanları, həm də bu cür cinayətkar fəaliyyətlərdən qazanc əldə etməyə çalışanları əhatə edəcək sanksiya paketi hazırladıqlarını bildirib.
Tahir TAĞIYEV