EN

Tarixçi ekspert: Arxeoloji və tarixi abidələrin məhv edilməsi bəşəriyyətin ortaq yaddaşına qarşı yönəlmiş təhdiddir ŞƏRH

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 29 aprel, AZƏRTAC

Qarabağ regionu bəşər sivilizasiyasının formalaşmasında mühüm rol oynamış qədim mədəniyyət ocaqlarından biridir. Bu ərazi Paleolit dövründən başlayaraq Son Tunc və Erkən Dəmir dövrünə qədər davamlı şəkildə insan məskəni olub. Burada tapılan arxeoloji materiallar Azərbaycan xalqının bu torpaqlarda qədimdən yaşadığını və inkişaf etmiş mədəniyyət yaratdığını sübut edib. Azıx mağarası, Şomutəpə, Üzərliktəpə, Leylatəpə və digər arxeoloji abidələrdə aparılan qazıntılar nəticəsində ocaq yerləri, əkinçilik mədəniyyəti nümunələri, metallurgiya izləri, əmək alətləri və zinət əşyaları aşkar edilib. Təəssüflə qeyd edilməlidir ki, uzun illər işğal altında qalmış Qarabağ ərazisində ermənilər tərəfindən maddi-mədəni irs nümunələrinin böyük hissəsi dağıdılıb, təhrif olunub və ya tamamilə məhv edilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) professoru, tarixçi Boran Əziz deyib.

Onun sözlərinə görə, bu vandalizm aktları yalnız Azərbaycan xalqının tarixi yaddaşına deyil, həm də ümumbəşəri mədəni irsə qarşı törədilmiş ciddi cinayətdir: “Abidələrin qəsdən məhv edilməsi həmin torpaqların Azərbaycan xalqına məxsus olmasına dair elmi sübutların yox edilməsinə yönəlmiş məqsədyönlü addım olub.

Qeyd etmək lazımdır ki, dünya ictimaiyyəti faşizm üzərində qələbəni hər il xatırlayaraq totalitar ideologiyaların insanlığa vurduğu ziyanı pisləyir. Lakin eyni qətiyyətlə Qarabağda həyata keçirilmiş erməni vandalizmi də qiymətləndirilməli, mədəni irsin məqsədli şəkildə məhv edilməsinə qarşı beynəlxalq səviyyədə prinsipial mövqe ortaya qoyulmalıdır. Arxeoloji və tarixi abidələrin məhv edilməsi bəşəriyyətin ortaq yaddaşına qarşı yönəlmiş təhdiddir və bu cür hərəkətlər qəti şəkildə qınanmalıdır”,-deyə o bildirib.

Tarixçi vurğulayıb ki, Qarabağın azad olunması ilə bu ərazilərdə bərpa işləri sürətlə aparılır: “Dağıdılmış maddi-mədəniyyət abidələrinin öyrənilməsi və qorunması istiqamətində genişmiqyaslı elmi fəaliyyət davam etdirilir. Azərbaycanın zəngin tarixi irsi yenidən bərpa olunaraq dünya ictimaiyyətinə təqdim edilir”,- deyə o bildirib.

Müxbir Nailə Həsənova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
33
1
azertag.az

2Sources