Azərbaycanda son dövrlərdə “Temu” platformasından gətirilən yüklərin həcmi kəskin artıb. Elektron məlumatlar əvvəlcədən təqdim olunmadan, qısa müddətdə böyük həcmdə yüklər hava limanına daxil olub. Bu isə bağlamaların ünvanı və tərkibinin yoxlanılmasını zəruri edib.
Milli.Az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, elektron ticarət çərçivəsində yalnız istehlak məhsulları deyil, eyni zamanda dərmanlar, psixotrop maddələr və digər riskli məhsullar da ölkəyə daxil ola bilər:
“Bu səbəbdən gömrük yoxlanılması vacibdir. Əgər biz yükləri dəqiqliklə yoxlamasaq, ictimaiyyət və deputatlar tərəfindən haqlı iradlar səslənə bilər. Buna görə də müəyyən müddət – təxminən iki həftə ərzində “Temu” vasitəsilə gətirilən məhsullarda gecikmələr yarandı. Lakin artıq məsələ öz resurslarımız hesabına həll olunub. Eyni zamanda “Temu” qarşısında tələb qoyulub ki, məlumatlar əvvəlcədən təqdim edilsin”.