EN

Ərəb Əmirlikləri OPEC dən çıxır Azərbaycana mümkün təsirlər...

ain.az bildirir, Modern.az portalına istinadən.

Birləşmiş Ərəb Əmirlikləri OPEC və OPEC+ təşkilatlarından ayrılıb. Təşkilatın təsisatçı ölkələrindən olan, neft hasilatı və ehtiyatına görə xeyli seçilən BƏƏ-nin bu qərarı dünya neft bazarı üçün ciddi suallar yaradır. OPEC-in qurum kimi ləğv olunması məsələsi artıq sual altındadır. Eləcə də təşkilatın törəmə qurumu olan OPEC+-da  təmsil olunan Azərbaycanın prosesdən necə təsirlənəcəyi diqqət çəkir.

Modern.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, OPEC bir qurum kimi tamamilə ləğv oluna bilməz:

"Lakin qurumun bazara təsir imkanlarının tədricən zəifləyəcəyi istisna deyil. OPEC daxilində əsas istehsalçılardan olan Birləşmiş Ərəb Əmirliklərinin gündəlik 3–4 milyon barel həcmində ixrac potensialı var və bu miqyas ümumi hasilatda ciddi pay deməkdir. Belə bir istehsalçının birlikdən uzaqlaşması OPEC-in bazarı tənzimləmə imkanlarını zəiflədir. Bu isə birliyin əsas funksiyası olan qiymətlərin nisbi sabit saxlanılması mexanizminə mənfi təsir göstərir”, – deyə o bildirib.

Ekspert vurğulayıb ki, Azərbaycanın mövqeyi fərqlidir: “Azərbaycan OPEC+ formatında təmsil olunur və bu əməkdaşlıq könüllü xarakter daşıyır. Azərbaycanın bu platformadan çıxmasında iqtisadi maraq yoxdur. Ölkə artıq hasilatı artırmaq imkanında deyil, əksinə, mövcud potensial çərçivəsində maksimum istehsal edir və ümumi hasilat azalma meyli göstərir. OPEC+ çərçivəsində hasilatın tənzimlənməsi indiyədək qiymətlərin daha yüksək səviyyədə saxlanmasına imkan verirdi. Əgər bu mexanizm zəifləyərsə, gələcəkdə qiymətlərin aşağı düşməsi ehtimalı artır. Bu isə xüsusilə hasilatını artırmaq imkanı məhdud olan ölkələr, o cümlədən Azərbaycan üçün mənfi amildir. Hazırda Azərbaycanın gündəlik neft hasilatı təxminən 450 min barel civarındadır və bu göstərici azalır. Azərbaycanın Səudiyyə Ərəbistanı və ya BƏƏ kimi hasilatı sürətlə artırmaq potensialı yoxdur. Bu baxımdan qlobal bazarda qiymətlərin aşağı düşməsi ölkə iqtisadiyyatına birbaşa təsir göstərə bilər”.

Xalid Kərimli hesab edir ki, BƏƏ-nin belə bir addımı üçün hazırkı dövr nisbətən uyğun zamandır:

“Hazırda neft qiymətləri yüksəkdir və bazar bu cür qərarları daha sakit qarşılayır. Əgər bu addım bir neçə il əvvəl atılsaydı, qiymətlərdə kəskin sıçrayış – ‘şok effekti’ yarana bilərdi. İndiki şəraitdə isə bu təsirlər daha yumşaq hiss olunur. Uzunmüddətli perspektivdə əsas məsələ BƏƏ-nin siyasətindən asılı olacaq. Əgər Birləşmiş Ərəb Əmirlikləri hasilatı artırmaq yolunu seçərsə, bu, bazarda təklifin artmasına və nəticə etibarilə qiymətlərin aşağı düşməsinə səbəb olacaq. Bu isə OPEC-in ümumi təsir gücünü daha da zəiflədəcək”.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri mayın 1-dən OPEC və OPEC+ formatını tərk edəcək. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
37
modern.az

1Sources