EN

“İndi həyatın ritmi çox dinamik olub, cavanların vaxtı qalmır” Xalq artisti Alim Qasımov

525.az saytına istinadən ain.az xəbər verir.

“Mən sənətə təzə-təzə başlayanda görkəmli sənətkarımız Hacıbaba Hüseynovdan bir qəzəl almaq üçün günlərlə onun dalınca düşürdüm. Mindirirdim maşına, qulluğunda dururdum, nəhayətdə bir qəzəli güclə alırdım ondan”.

Xalq artisti Alim Qasımov bu fikirləri tanınmış teatrşünas-tənqidçi, Əməkdar incəsənət xadimi İlham Rəhimli ilə söhbətində bildirib. 

İndi kompüter dövrü olduğunu, həyatın ritminin çox dəyişdiyini vurğulayan görkəmli muğam ustası daha sonra deyib:

“Zaman dəyişib, indi kompüter dövrüdür, düyməni basırsan, Alimin və ya hər hansı başqa sənətkarın bütün yaradıcılığı gəlir sənin evinə. Nə istəyirlər, onu da götürürlər. Amma bir məsələ var, faydalı məsləhəti eşitmək, nəyisə öyrənmək üçün gərək cavanlar təcrübəli xanəndələrlə üzbəüz oturub söhbət eləsinlər. Elə cavanlar var, hiss eləyirsən ki, bu səsə yük qoymaq olar, götürə bilər yükü. Amma məsələ bundadır ki, cavanın onu yükləməyə vaxtı yoxdur, hər gün toya çağırırlar, heç kimə yox demir. Niyə? Cavandır - ona ev lazımdır, eşik lazımdır, evlənməlidir, filan lazımdı, beşməkən lazımdır, həyatda bütün işləri, gözəllikləri görmək istəyir. İndi də həyatın ritmi çox dinamik olub, elə günü-gündən də artır. Mən deyən yükü götürməyə cavanın vaxtı qalmır, həvəsi olmur. Bu işi görməyi saxlayır sonraya, belə-belə günlər, aylar, illər gəlib keçir. Bir də onda ayılacaq ki, daha gecdir, səsinin, nəfəsinin, ruhunun yük götürməyə gücü çatmır”.

Qeyd edək ki, Xalq artisti söhbətdə digər bir çox maraqlı məqamlara da toxunub. Yazı bötüv şəkildə “525-ci qəzet”in həftənin cümə günü – mayın 1-də nəşr olunacaq növbəti sayında işıq üzü görəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
25
525.az

1Sources