EN

Bu gün leytenant Fərid Məmmədovun doğum günüdür

Fərid Məmmədov 29 Aprel 1990- cu il tarixində Abşeron rayounu Xırdalan şəhərində anadan olmuşdur. 1997-2008-ci illərdə Abşeron rayonu Xırdalan şəhərinin 2 saylı orta məktəbin rus bölməsində təhsil alıb. 2014-2019-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının - Vətəni müdafiə ixtisası üzrə bakalavr təhsili almışdır. Ailəli idi, bir oğlu var.Fərid Məmmədov 2008-2010-cu illərdə AR Müdafiə Nazirliyinin Hava Hücumdan Müdafiə və Hərbi Hava Qüvvələrində hərbi xidmətdə olmuşdur. 2010-2016-cı illərdə AR DİN Daxili Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etmişdir. 2017-ci ildə Müdafiə Nazirliyin 3 aylıq gizir hazırlığı kursunu bitirdikdən sonra Təlim Tədris Mərkəzinə təyin olunmuş, 2019-cu il dekabr ayında Təlim Tədris Mərkəzinin Ehtiyat Zabitlər kursunu bitirərək ilk hərbi zabit rütbəsi olan “leytenant” rütbəsini almış və Tağıyev qəsəbəsində yerləşən N saylı hərbi hissədə “tağım komandiri” vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Ordusunun leytenantı olan Fərid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı oktyabr ayının 6-da cəbhənin Füzuli-Cəbrayıl istiqamətinə ezam olunmuş və oktyabr ayının 25-də Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 26 Oktyabr tarixində Bakı şəhəri 2-ci Fəxri Xiyabanda dəfn edilmişdir.

Fərid Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Şəhid Fərid Məmmədova məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.

Chosen
79
qht.az

1Sources