Böyük Britaniya Kralı III Çarlz və ABŞ prezidenti Donald Tramp rəsmi ziyafət zamanı bir-birinin ünvanına zarafatlar ünvanlayıblar.
Musavat.com bildirir ki, ABŞ-də keçirilən təntənəli şam yeməyi zamanı tərəflər arasında baş tutan bu dialoq rəsmi tədbirin atmosferini xeyli yumşaldıb.
Britaniya monarxının "fransız dili" ilə bağlı istehzalı çıxışı isə gecənin ən çox müzakirə olunan məqamı olub.
Kral III Çarlz öz çıxışında Trampın ABŞ-nin dünya tarixindəki rolu barədə tez-tez işlətdiyi sözlərə reaksiya verib:
"Siz yaxınlarda qeyd etdiniz ki, əgər ABŞ olmasaydı, Avropa ölkələri alman dilində danışardı. Cəsarətlə deyə bilərəm ki, əgər biz olmasaydıq, siz fransızca danışardınız...!"
Bununla kifayətlənməyən III Çarlz 1814-cü ildə Ağ Evin yandırılması hadisəsini də xatırladıb. O, həmin hadisəni zarafatla "Britaniyanın ABŞ prezidentinin iqamətgahını yenidən qurmaq (yenidənqurma) cəhdi" adlandırıb.
Prezident Donald Tramp da monarxın zarafatlarını cavabsız qoymayıb. O, Kralın Konqresdəki çıxışına kompliment edərək deyib: "Siz demokratları ayağa qaldırdınız – mən bunu heç vaxt bacarmazdım".
Qeyd edək ki, Böyük Britaniya monarxı hazırda ABŞ-də səfərdədir. Ötən gün Konqres qarşısında çıxış edən III Çarlz ABŞ-nin NATO-nun "qəlbi" olduğunu vurğulayıb. Analitiklər bunu Trampın alyansdan çıxmaq hədələrinə diplomatik bir cavab kimi qiymətləndirirlər. Eyni zamanda, Kral Ukraynaya qeyd-şərtsiz dəstəyin və müttəfiqlərin birliyinin vacibliyini xüsusi qeyd edib.
Musavat.com