Qərarın Səudiyyə Ərəbistanı ilə fikir ayrılıqları fonunda qəbul edildiyi bildirilir...
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) və OPEC+ formatından çıxmaq qərarı Yaxın Şərq dövlətləri arasında ciddi fikir ayrılıqlarına səbəb ola bilər.
Poliqon xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, bu qərarın əsas səbəbləri Səudiyyə Ərəbistanı ilə mövcud fikir ayrılıqları və regiondakı münaqişənin yaratdığı gərginlikdir. Bildirilir ki, Əbu-Dabi hasilat siyasətində daha müstəqil xətt yürütmək niyyətindədir.
Qeyd olunur ki, BƏƏ-nin təşkilatdan çıxmasından sonra yaxın dövrdə dünya bazarında neft təklifinin artması mümkündür. Çünki ölkə artıq OPEC çərçivəsində müəyyən edilən hasilat məhdudiyyətlərinə tabe olmadan neft hasilatı gücünü artırmaq imkanı əldə edəcək.
Reuters Agentliyi daha əvvəl aprelin 28-də BƏƏ-nin OPEC və OPEC+ tərkibindən çıxması barədə məlumat yayıb. Ölkənin bu birliklərdən çıxışının mayın 1-nə planlaşdırıldığı bildirilir. Məlumata görə, qərar BƏƏ-nin hasilat siyasətinə dair “hərtərəfli yenidən baxışdan” sonra qəbul edilib.
Ekspertlər hesab edirlər ki, bu addım təkcə enerji bazarına deyil, həm də Yaxın Şərqdə geosiyasi münasibətlərə təsir göstərə bilər. OPEC daxilində əsas oyunçulardan biri hesab olunan BƏƏ-nin qərarı regionda enerji siyasəti üzrə yeni rəqabət mərhələsinin başlanmasına səbəb ola bilər.
Poliqon.info