Ermənistanda 7 iyunda keçiriləcək seçkilər ərəfəsində artıq açıq şəkildə hiss olunur ki, İrəvandakı bəzi dairələr ciddi təşviş içindədir. Bu təşviş isə birbaşa cəmiyyətə yönələn sərt ritorika, qorxu dili və emosional manipulyasiya ilə müşayiət olunur.
Musavat.com xəbər verir ki, televiziya efirlərində səslənən çıxışlar bunu açıq şəkildə göstərir.
“Qısaca desək” proqramının aparıcısı Sevak Akopyan çıxışında bunu gizlətmədən ifadə edib: Türkiyə və Azərbaycan hakimiyyətlərini “erməni agentləri” adlandırmaq, seçkiləri isə “Türkiyə əsarətindən qurtuluş” kimi təqdim etmək artıq sadəcə fikir deyil, birbaşa cəmiyyətə yönəlmiş emosional basqıdır. Sevak Akopyan Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasını seçməyi “Azərbaycanın ideyalarını, strategiyasını və gündəliyini seçmək” kimi qiymətləndirib.
Bu tip çıxışlar göstərir ki, seçkiyə gedən prosesdə sağlam siyasi mübarizə yox, qorxu üzərindən yönləndirmə cəhdləri üstünlük təşkil edir. Seçiciyə seçim təqdim etmək əvəzinə, onu müəyyən istiqamətə sürükləmək üçün sərt ifadələr, ittihamlar və psixoloji təsir vasitələri işə salınır.
Əslində, bu ritorika İrəvandakı bəzi siyasi çevrələrin vəziyyətini açıq şəkildə ortaya qoyur: təşviş, qeyri-müəyyənlik və nəzarəti itirmək qorxusu. Məhz buna görə də cəmiyyətə mesajlar artıq arqumentlə deyil, emosional təzyiq və qorxu dili ilə verilir.
Belə bir fon isə göstərir ki, Ermənistan seçkiyə normal siyasi rəqabət mühitində deyil, gərgin və manipulyativ atmosferdə gedir.
Musavat.com