EN

Vardanyanın Umbakıya köçürülməsi vay-şüvənlə qarşılandı

Azərbaycan Respublikasında həbsdə olan keçmiş separatçı rejimin nümayəndəsi Ruben Vardanyan Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Umbakı penitensiar kompleksi ərazisinə köçürülüb.

Musavat.com xəbər verir ki, məlumatı erməni hüquq müdafiəçisi Siranuş Saakyan yaymaqla vay-şüvən salıb, bunu Vardanyanın hüquqlarının pozulması kimi qələmə verməyə çalışıb.

Məsələ ilə bağlı Musavat.com-a açıqlama verən tanınmış vəkil Cavad Cavadov deyib ki, bu və ya digər şəxsin təcridxanadan cəzaçəkmə yerinə köçürülməsi tam şəkildə qüvvədə olan qanunvericiliyə və penitensiar sistemdə tətbiq olunan standart prosedurlara uyğun həyata keçirilir: "İstintaq və ya saxlanma şəraiti ilə bağlı zərurət yarandıqda məhbusların bir müəssisədən digərinə köçürülməsi normal və geniş tətbiq olunan praktikadır. Bu cür köçürmələr təhlükəsizlik, istintaqın effektiv təşkili, eləcə də saxlanma şəraitinin optimallaşdırılması məqsədi daşıyır və hər hansı qeyri-adi hal kimi qiymətləndirilmir".

Cavad Cavadov deyib ki, Azərbaycanın müvafiq qurumları dəfələrlə bəyan edib ki, ölkə ərazisində saxlanılan şəxslərin, o cümlədən Ruben Vardanyanın bütün hüquqları təmin olunur: "Onların tibbi xidmətə çıxışı, ailə üzvləri ilə əlaqə imkanları və digər fundamental hüquqları qanunvericilik çərçivəsində qorunur. Ruben Vardanyanın ailə üzvləri ilə telefon əlaqəsinin davam etməsi də onun saxlanma şəraiti ilə bağlı səsləndirilən iddiaların əsassız olduğunu göstərir".

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikasının suveren ərazilərində qanunsuz fəaliyyət və digər ağır cinayətlərə görə 20 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində başlanılmış cinayət işinin ibtidai istintaqı Dövlət Təhlükəsizliyi Xidmətində aparılıb.

E.Məmmədəliyev,
Musavat.com

Chosen
100
musavat.com

1Sources