Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan oftalmologiyasının çox mühüm tarixi kökləri var. Zərifə xanım Əliyevanın ərsəyə gətirdiyi elmi resurslar bu köklərin formalaşmasında çox mühüm rol oynayıb və onun yaratdığı motivasiya sayəsində bu gün Azərbaycan oftalmologiyası, həqiqətən, əhəmiyyətli bir səviyyəyə çatıb.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında türk professor, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin fəxri üzvü Süleyman Kaynak deyib. "Hazırda dünyada tətbiq edilən hər cür oftalmoloji müdaxilələr diaqnostik, terapevtik və ya cərrahi prosedurların hamısı Azərbaycanda effektiv və səriştəli şəkildə həyata keçirilir. Uzun illərdir Azərbaycan oftalmologiyasını izləyən həkimlər olaraq, biz bununla fəxr edirik. Azərbaycan oftalmologiyası, həqiqətən də, Qərb ölkələri də daxil olmaqla, bir çox ölkələrə və bizə nümunə olacaq templə irəliləyir və onun elmi keyfiyyəti artır. Bu, təkcə Azərbaycan üçün deyil, bütün region üçün son dərəcə vacibdir", - deyə S.Kaynak diqqətə çatdırıb.