Vaşinqtondakı federal məhkəmə Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulu zamanı baş verən atışmada şübhəli bilinən Kol Tomas Allenə qarşı ittiham irəli sürüb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ittihamlara ABŞ prezidentinə sui-qəsd cəhdi, zorakı cinayətin törədilməsində odlu silahdan istifadə və ağır cinayət törətmək niyyəti ilə odlu silahın ştatlararası daşınması daxildir.
ABŞ prokuroru Coslin Ballantin bildirib ki, Allen ABŞ prezidentinə sui-qəsd cəhdi edərkən bir neçə ştatın sərhədini keçib.
Məlumata görə, o, 12 kalibrli ov tüfəngi, üç bıçaq və digər silahlar daşıyırdı.
Allen ittihamları qəbul etməyib. CNN-in məlumatına görə, o, məhkəmə iclasında hakimin suallarına qısaca "bəli, möhtərəm hakim" və "yox, möhrətəm hakim" cavablarından başqa, demək olar ki, heç nə deməyib.
Prokuror həmçinin hakimdən Allenin terrorizmlə bağlı ittihamlarla üzləşdiyi üçün həbsdə saxlanmasını istəyib.
BBC bildirir ki, ittihamların heç birində birbaşa terrorizmdən bəhs edilməsə də, prezidentin həyatına sui-qəsd cəhdi məişət terrorizmi kimi qiymətləndirilə bilər. ABŞ qanunlarına görə, bu cinayət potensial ömürlük həbs cəzası ilə nəticələnir.
İnsident 26 aprel axşamı “Hilton” otelində baş verib. Qəbul başladıqdan qısa müddət sonra otelin foyesində bir neçə silah səsi eşidilib. Tramp və digər rəsmi şəxslər təcili olaraq təxliyə edilib.
Təhlükəsizlik əməkdaşları silahlı şəxsi hadisə yerində saxlayıblar. Atıcının 31 yaşlı kaliforniyalı müəllim Koul Tomas Allen olduğu müəyyən edilib. Allen həbsindən sonra hüquq-mühafizə orqanlarına "prezident administrasiyasının üzvlərini" güllələmək istədiyini deyib.
Musavat.com