EN

İranda ABŞ ilə danışıqlar ətrafında fikir ayrılıqları dərinləşir

Siyasi elita daxilində ziddiyyətlər yenidən üzə çıxıb, sərt xətt tərəfdarları danışıqlara qarşı çıxır...

ABŞ və İsrailin İrana endirdiyi hava zərbələri fonunda ölkə daxilində müxtəlif siyasi qruplar bir müddətlik birləşərək rejim ətrafında sıxlaşsa da, atəşkəsin qüvvəyə minməsindən üç həftə sonra köhnə ziddiyyətlər yenidən üzə çıxıb.

Poliqon xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Hazırda İran siyasi elitasında əsas müzakirə mövzusu ABŞ ilə nüvə proqramı üzrə danışıqların davam etdirilib-etdirilməməsidir. Parlamentdə və dövlət mediasında gedən debatlar göstərir ki, xüsusilə radikal mövqeli siyasətçilər bu danışıqlara ciddi şəkildə qarşı çıxır və onların dayandırılmasını tələb edirlər.

Mübahisələrin mərkəzində parlamentin spikeri Məhəmməd Baqer Qalibaf dayanır. O, bu ayın əvvəlində Pakistanda ABŞ-nin vitse-prezidenti Cey Di Vens ilə aparılan danışıqlara rəhbərlik edib. Ultra-radikal “Paydari” fraksiyasına bağlı siyasətçilər hesab edirlər ki, danışıqlar aparan nümayəndə heyəti yeni ali lider Müctəba Xamenei tərəfindən müəyyən edilən göstərişlərə tam əməl etməyib.

Bu mövqeni müdafiə edən deputat Mahmud Nəbaviyan bildirib ki, mövcud şəraitdə danışıqlar yalnız zərər gətirir və bu prosesə qoşulmaq düzgün deyil. O, İranın nüvə proqramının danışıqların gündəliyinə daxil edilməsini “strateji səhv” adlandırıb və bunun ali rəhbərliyin mövqeyi ilə üst-üstə düşmədiyini vurğulayıb.

Digər sərt xətt tərəfdarı olan siyasətçi Əli Xəzriyan da dövlət televiziyasında çıxış edərək ali liderin danışıqların davam etdirilməsinə qarşı olduğunu bildirib. Baxmayaraq ki, Xamenei rəsmi olaraq danışıqları dəstəkləyən açıqlama verib, onun ictimaiyyət qarşısına çıxmaması qeyri-müəyyənliyi daha da artırıb.

Eyni zamanda təhlükəsizlik strukturları ilə əlaqəli “Nournews” nəşri İranın “tarixinin bəlkə də ən kritik mərhələsində” olduğunu qeyd edib və ölkə daxilində vahid mövqedən çıxış etməyin zəruriliyini vurğulayıb. Bu isə göstərir ki, daxili siyasi parçalanma fonunda qərarvermə prosesi daha da mürəkkəbləşə bilər.

Poliqon.info

Chosen
56
poliqon.info

1Sources