Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Tanınmış yazıçı və jurnalist Bahəddin Həzinin ömür yolu – zamanın sınağından keçən yazşçı-jurnalistin həyat salnaməsi( Dosta gecikmiş yubiley təbriki)
Azərbaycan mətbuatının keşməkeşli, bəzən tufanlı, bəzən də ümidli yollarından keçərək bu günümüzə gəlib çatan simalar var ki, onların adı sadəcə peşəkar fəaliyyətlə deyil, həm də bir dövrün mənəvi pasportu kimi tarixə yazılır. Belə simalardan biri də yazıçı, publisist, jurnalist Bahəddin Həziyev – oxucuların yaxşı tanıdığı Bahəddin Həzidir. Onun ömür yolu yalnız bir fərdin taleyi deyil – bu yol həm də Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin, söz azadlığının, milli düşüncənin və vətəndaş cəsarətinin bədii salnaməsidir.
1965-ci ilin 28 aprelində Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində dünyaya göz açan Bahəddin Həzini taleyin hansı böyük yolların yolçusu edəcəyini o zaman heç kəs bilə bilməzdi. Lakin kənd mühitinin saf ruhu, torpaqla bağlılıq, insanın öz kökünə sədaqəti onun gələcək yaradıcılığının mənəvi təməlini formalaşdırdı. Hələ məktəb illərindən qələmə sarılan gənc Bahəddin, ilk yazıları ilə mətbuat aləminə addım atarkən, əslində, öz həyat missiyasını da müəyyənləşdirirdi: həqiqəti yazmaq, susmamaq, görüb keçməmək. Bu kənddən başlayan– sözə, həqiqətə doğru uzanan çətin bir yol idi…
Mübarizə illəri – sözün silaha çevrildiyi zaman
1980-ci illərin sonu – 1990-cı illərin əvvəlləri Azərbaycanın tarixində dönüş nöqtəsi idi. Bu dövrdə Bahəddin Həzi yalnız jurnalist deyildi; o, həm də milli azadlıq ideyalarının daşıyıcısı, meydanların, tribunaların səsinə çevrilmiş bir ziyalı idi. Müstəqilliyimizin fəal qurucularından biri kimi onun fəaliyyəti, 20 Yanvar faciəsindən sonra qeyri-leqal mətbuatın hazırlanmasında iştirakı sadəcə bioqrafik faktlar deyil - Bunlar cəsarətin, riskin, əqidənin təcəssümüdür. O illərdə yazılan hər cümlə güllə effekti qədər təsirli idi. Və Bahəddin Həzi də həqiqət naminə sözlərini-fikirlərini güllələrə çevirərək atırdı.
Cəbhədən gələn səslər – jurnalistikanın ön xətti
Qarabağ müharibəsinin ilk mərhələsində hərbi müxbir kimi cəbhə bölgələrindən hazırladığı reportajlar onun jurnalistikaya yanaşmasının ən bariz nümunəsidir. O, hadisələri kabinetdən deyil, odun-alovun içindən yazan jurnalistlərdən idi. Bu yazılar yalnız informasiya deyil, həm də tarix idi. O tarix ki, qanla yazılırdı və qələm onu gələcəyə daşıyırdı.
Peşəkar jurnalistikanın zirvələri
Bahəddin Həzinin fəaliyyəti “Xəzər” jurnalından başlayaraq “Turan” agentliyi, “Azadlıq” qəzeti, “Çağ” nəşri və beynəlxalq səviyyədə “Azad Avropa/Azadlıq” radiosuna qədər uzanan geniş və zəngin bir yol xəritəsidir. Bu yolun hər mərhələsində o, işləməyib – yaradıb, formalaşdırıb, istiqamət verib. Sonrakı illərdə “Bizim Yol” qəzetinin baş redaktoru və “Bizimyol.info” saytının təsisçisi kimi fəaliyyəti isə müasir Azərbaycan mediasında onun imzasını daha da möhkəmləndirdi. Bu platformalar vasitəsilə o, sözün müstəqilliyini, fikir azadlığını və ictimai məsuliyyəti qorumağa davam edir.
Ədəbi yaradıcılıq – publisistikadan bədii düşüncəyə
Bahəddin Həzi yalnız jurnalist deyil, həm də incə ruhlu yazıçıdır. Onun “Ölümcül həqiqətlər” və “Göyün cazibə qüvvəsi” kimi əsərləri oxucunu düşündürən, silkələyən, daxili aləminə enməyə məcbur edən nümunələrdir. Onun esselərində həyatın paradoksları, insanın tənhalığı, cəmiyyətin ziddiyyətləri ustalıqla əks olunur. “Qutu”, “Ortalıq”, “Kənar şəxslərin girişi qadağandır” kimi yazılar müasir publisistikanın dərin qatlarını açan mətnlərdir. Bu yaradıcılığı ilə O, bir daha sübut edir ki, əsl jurnalist həm də filosofdur – o, yalnız yazmır, həm də düşünür və düşündürür.
Tanınma və dəyər – əməyin bəhrəsi
Uzun illərin zəhməti, prinsipial mövqeyi və peşəkarlığı Bahəddin Həzini Azərbaycan mediasının sayılıb-seçilən simalarından birinə çevirib. “Əməkdar jurnalist” fəxri adı, “Həsən bəy Zərdabi” mükafatı, Ali Media Mükafatı, təşəkkürnamələr və fəxri diplomlar – bunlar onun fəaliyyətinə verilən rəsmi qiymətdir. Amma bəlkə də ən böyük mükafat oxucunun etimadı, cəmiyyətin hörmətidir.
Sözün məsuliyyəti və zamanın sınağı
Bu gün informasiya bolluğu dövründə həqiqəti qorumaq daha çətindir. Səs çoxdur, amma söz azdır. Belə bir zamanda Bahəddin Həzi kimi jurnalistlərin mövcudluğu bir məktəb, bir örnəkdir. Onun fəaliyyəti bizə xatırladır ki: Söz – sadəcə yazı deyil. Söz – qəti mövqedir.
Söz – məsuliyyətdir. Söz – əməldir, tarixdir.
Təbrik və ehtiram
Hörmətli Bahəddin müəllim! Sizin ömür yolunuz bir qələm adamının necə böyük bir missiya daşıya biləcəyinin canlı sübutudur. Siz zamanın sərt sınaqlarından keçərək sözün ləyaqətini qoruyan, həqiqətin yanında dayanan, cəmiyyətin vicdanını ifadə edən nadir ziyalılardansınız. Sizi həm keçən ilki 60 illik yubiley yaşınız, həm də bu ilki, bu günkü ad gününüz münasibətilə ürəkdən TƏBRIK edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları, bitməyən enerji və tükənməz ilham arzulayıram!
Qoy qələminiz həmişə düzgün, kəskin yazsın, sözünüz həmişə aydın, qiymətli, yolunuz həmişə yaşıl işıqlı olsun! Əminəm ki, Sizin kimi insanlar olduğu müddətdə
SÖZ susmayacaq, HƏQİQƏT itməyəcək, MEDIAMIZ daha da dəyərli olacaqdır!
Əlövsət Qaraca Əliyev
Müəllif: Azərbaycan İnformasiya və Cəmiyyət İctimai Birliyinin (AzİSA) rəhbəri, professor Əlövsət Qaraca ƏLİYEV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.