EN

“Səfərin baş tutmasında əsas məqsədlər Azərbaycanın Avropa üçün artan əhəmiyyətidir” POLİTOLOQ ŞƏRH ETDİ

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycan və Çexiya arasında davam edən yaxınlaşma Avropa və Cənubi Qafqaz bölgələri arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. İki ölkə arasında davam edən yaxınlaşmanın ən güclü tərəfi isə Çexiyanın Baş naziri Andrey Babişin aprelin 26-da Azərbaycana baş tutan səfəri idi.

Azərbaycan və Çexiya arasında diplomatik əlaqələr 1993-cü ildə qurulsa da, əsas dönüş nöqtəsi 2015-ci ildə imzalanmış “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” olmuşdur. Çexiya Avropa İttifaqı daxilində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman birmənalı şəkildə dəstəkləyən ölkələrdən biridir. Ölkəmiz buna böyük önəm vermişdir”.

Gununsesi.info bildirir ki, bu fikirləri politoloq Zeynal Əmrəliyev deyib:

“İki ölkə arasında iqtisadi əlaqələr sürətli şəkildə inkişaf etmişdir. Çexiya da bu əlaqələrin inkişafına xüsusi önəm verir. Baş nazir Babişin Qəbələdə Prezident İlham Əliyevlə görüşü zamanı səsləndirdiyi “Azərbaycan Çexiya üçün strateji tərəfdaşdır və bizim səmimi dostluq münasibətlərimiz var” fikri, siyasi etimadın ən yüksək göstəricisidir.

Son zamanlar Avropa ölkələrinin ölkəmizə marağı xüsusi diqqət çəkir. Çexiyadan əvvəl Latviya, Litva və Ukrayna liderlərinin Azərbaycana gəlməsi Avropanın ölkəmizi təkcə enerji mənbəyi deyil, həm də regionda sülh və dialoq üçün mərkəzi platforma kimi gördüyünü təsdiqləyir. Eyni zamanda, enerji sahəsində yüksək səviyyəli əməkdaşlıq davam edir. Çexiya Azərbaycan neftinin ən böyük alıcılarından biridir. Çexiyanın neft ehtiyacının təxminən 30 faizi Azərbaycan neftinin hesabına qarşılanılır.

Eyni zamanda iqtisadiyyatın digər sahələrinin də inkişafı üçün geniş zəmin vardır. Andrey Babişi səfər zamanı geniş biznes nümayəndə heyəti müşayiət etdi. Bu, iqtisadiyyatın digər sahələrinə — maşınqayırma, nəqliyyat və kənd təsərrüfatına olan marağın göstəricisidir. Xüsusilə son dövrlər Çexiya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki biznes layihələrinə xüsusi maraq göstərirlər. Bu şirkətlərin “ağıllı şəhər”, alternativ enerji və su idarəetməsi layihələrində aktiv iştirakı hər iki tərəfə böyük xeyir gətirə bilər.

Bununla bərabər, Azərbaycan və Çexiya arasında hərbi sahədə də əməkdaşlıq inkişaf edir. 2026-cı ilin aprelində səfər ərəfəsində hər iki ölkənin Müdafiə nazirlikləri arasında “2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planı” imzalanıb. Nəzərə alaq ki, Çexiya hərbi sənayesi yüksək texnologiyalı radar sistemləri, aviasiya texniki xidməti və xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanınır. Bu da Azərbaycan Ordusunun modernləşdirilməsi üçün əhəmiyyətlidir.

Eyni zamanda rəsmi Praqa ölkəmizin həyata keçirdiyi layihələrə də geniş maraq göstərir. Çexiya dənizə çıxışı olmayan, lakin Avropanın mərkəzində yerləşən bir ölkə kimi Azərbaycanın təşəbbüskarı olduğu Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) layihəsinə böyük maraq göstərir. Bu marşrut Çexiya mallarının Asiya bazarlarına daha sürətli və təhlükəsiz çatdırılması üçün mühüm alternativdir. Bu layihənin imkanları genişdir və gələcəkdə bir çox ölkənin də marağını çəkəcəyi şübhəsizdir”.

O əlavə edib ki, bu səfərin baş tutmasında əsas məqsədlər Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın Avropa üçün artan əhəmiyyətidir:

“Hazırda ölkəmiz Avropanın etibarlı enerji təchizatçısına çevrilib. İkinci mühüm məsələ isə Azərbaycanın torpaqlarını azad edərək Cənubi Qafqazda yaratdığı yeni reallıqlardır. Avropa ölkələri məhz bu yeni reallıqlardan faydalanaraq iqtisadi divident qazanmaq istəyirlər.

Üçüncü məsələ isə ölkəmizin “təhlükəsizlik qalası”na çevrilməsidir. Andrey Babişdən öncə ölkəmizə gələn Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatları Azərbaycanın təhlükəsiz ölkə olduğu faktını bir daha ortaya qoyur. Bu da Avropa ölkələri üçün Azərbaycanı daha da cəzbedici ölkəyə çevirir. Görünən budur ki, aparılan düzgün siyasətin nəticəsində Azərbaycan dünyanın maraq dairəsinə çevrilir. Xarici dövlət başçılarının səfərlərinin bundan sonra da intensiv xarakter alacağı şübhəsizdir”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
38
icma.az

1Sources