ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 28 aprel, AZƏRTAC
Türk Dünyasının Həmrəyliyi Günü türk xalqları arasında dirçəliş, yaxınlaşma və öz soyuna sahiblənmə prosesinin lokomotivinə çevrilib. Yetmiş ildən çox tarixi olan Türkçülük bayramı ilk dəfə 1944-cü il mayın 3-də Topxana Hərbi Həbsxanasında Nihal Atsız, Zeki Velidi Togan, Nehdet Sançar və Reha Oğuz Türkkan başda olmaqla, on nəfər məhkum tərəfindən qeyd olunub. Bundan sonra həmin gün daha geniş kütləni əhatə edərək, türkçülər arasında yüksək səviyyədə qeyd olunmağa başlayıb və bir ənənə halını alıb.
Bu sətirlər Azərbaycan Dövlət Pedaqoji Universiteti Türkoloji Mərkəzin rəhbəri filologiya üzrə fəlsəfə doktoru Şəkər Məmmədovanın AZƏRTAC-a təqdim etdiyi “3 May: Milli oyanışın və sarsılmaz birliyin rəmzi” sərlövhəli məqaləsində yer alıb.
Məqalədə qeyd olunub ki, Azərbaycanda Türkçülük Günü 1992-ci ildən qeyd olunur. Türk xalqlarını dil ümumiliyi, el sənətləri, tarixi-coğrafi məkan, şifahi xalq ədəbiyyatı (“Kitabi-Dədə Qorqud”, “Koroğlu dastanı”, “Alpamış”, “Manas”), adət-ənənələr, oxşar toponimlər kimi oxşar xüsusiyyət birləşdirir.
Zəngin dövlət quruculuğu və idarəçilik mədəniyyətinə malik olmaları türkləri ən qədim dövrlərdən başlayaraq xarakterizə edərkən göstərilən ən mühüm keyfiyyətlərdən biridir.
Türkün vətəni yerlə göy arasında idi, onu göylərə hakim edən ruh, yerlərə sahib edən isə təfəkkürü idi. Türk təfəkkürünün əsasında türkçülük dayanır. Ziya Göyalp türkçülük haqqında deyirdi: “Türkçülük türk millətini yüksəltmək deməkdir”. Türklərdə türkçülük millətçiliklə yox, Vətən anlayışı ilə daha çox bağlıdır. Vətən ölçüsü miqyassız olan türklərdə, o, metrlə, arşınla ölçüyə gəlmir; türkün vətən ölçüləri Yer, Göy və Günəşdir. Belə ölçülər türkün hüdudsuz ruhunun ifadəsi idi. Türk mühiti, türk cəmiyyəti başqa xalqlar üçün münbit torpaq kimidir. Onlar bu torpaqda rahat, sıxıntısız boy atırlar.
Vətənin simvolu torpaq olan qədim türklərdə öz vətənpərvərliyi ilə seçilən Mete xanın sözləri hələ də yaddaşlarda qalmaqdadır: “Torpaq dövlətin təməlidir, onu heç kəsə vermək olmaz. Torpaq mənim deyil, xalqındır. Xalqın torpağını verməyə heç kimin ixtiyarı çatmaz. Mən torpağı verə bilmərəm, bu torpaq gələcək nəslə çatdırılmalıdır. Ya xalq məhv olmalı, ya da torpağını öz qanı hesabına qorumalıdır”.
Bütün türkləri ətrafına toplayan, onlara milli birlik verən ən başlıca qayə, ən mükəmməl duyğu vətən əxlaqı idi. Böyük türkçü Z.Göyalpın “Türkçülüyün əsasları” əsərində yazılır: Böyük millətlərdən hər biri mədəniyyətin xüsusi bir sahəsində birinciliyə çatmışlar. Əski yunanlar estetikada, romalılar hüquqda, israillilər və ərəblər dində, fransızlar ədəbiyyatda, anqlosakslar iqtisadda, almanlar musiqi ilə metafizikada, türklər isə əxlaqda birinciliyi qazanmışlar”.
Qədim türk təfəkkürünün ən aydın ifadəsi müxtəlif abidələrdə həkk olunmuş türk yazısı idi. O abidələrdən biri də Orxan-Yenisey kitabələri idi. İdeya ardıcıllığının mükəmməlliyi ilə bu gün də dünyanı heyran qoyan, türk dünyagörüşü, türk tarixi və dövlətçiliyi haqqında sistemli, konseptual fikir ifadə edən bu yazılar obrazlı fikir və dil faktı hesab edilir. Türk sözünün mahiyyətində real həyat məqsədlərindən irəli gələn aydın qayə dayanırdı.
Türk dünyasını daha həmrəy olması üçün ortaq türk tarixinin yazılması, ortaq türk dilinin olması vacibdir. Hazırkı proseslərin gedişi – türk dövlətləri arasında qurulan hərtərəfli əlaqələr, təşkilatlar, qurumlar, əməkdaşlıq, həmçinin ortaq türk əlifbasının qəbulu, onu deməyə imkan verir ki, yaxın zamanlarda bu məqsədə də nail olunacaq.
2008-ci ildə TÜRKPA-nın, 2009-cu ildə Naxçıvan Sazişi ilə Türk Şurasının (hazırda Türk Dövlətləri Təşkilatı) yaradılması, Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti bu tarixi yolun məntiqi davamıdır. Nəhayət, 2024-cü ildə qəbul edilən 34 hərfli Ortaq Türk Əlifbası 1944-cü ildə başlayan o müqəddəs mübarizənin bu gün qazandığı ən böyük zəfərlərdən biridir.
Türk dünyasının birlik və qardaşlıq rəmzinə çevrilmiş Türk Dünyasının Həmrəyliyi Günü türk xalqları arasında dirçəliş, yaxınlaşma, get-gedə öz soyuna sahiblənmə prosesinin güclənməsinə təkan verən əlamətdar günlərdən biridir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.