EN

NATO-nun iyul Türkiyə sammiti təxirə salına bilər...(?)



Azər Həsrət: “Bu zirvə görüşü ləğv edilsə, yaxud ertələnsə belə bu qardaş Türkiyə ilə bağlı deyil”

NATO son zamanlar illik sammitlər keçirmək təcrübəsinə son qoymağı düşünür. “European Pravda”nın məlumatına görə, bu barədə “Reuters” agentliyinə altı mənbə məlumat verib. NATO sammitlərinin tezliyi alyansın 77 illik tarixi boyunca dəyişib, lakin liderlər 2021-ci ildən bəri hər yay görüşüblər və bu il 7 və 8 iyul tarixlərində Türkiyənin Ankara şəhərində görüşəcəklər. Lakin agentliyin mənbələrinə görə, bəzi üzvlər tempi yavaşlatmaqda israr edirlər.

Bir diplomat qeyd edib ki, Albaniyada keçirilməsi planlaşdırılan 2027-ci il sammiti, çox güman ki, payızda keçiriləcək və NATO ABŞ prezident seçkiləri və Trampın vəzifədə olduğu sonuncu tam təqvim ili olan 2028-ci il sammitini tamamilə buraxmağı düşünür.

Başqa bir diplomat bəzi ölkələrin hər iki ildən bir sammitlərin keçirilməsi üçün təkid etdiyini qeyd edərək, hələlik heç bir qərarın verilmədiyini və son qərarın baş katib Mark Ruttenin üzərində olduğunu əlavə etdi.

NATO sözçüsü agentliyə bildirib ki, "NATO dövlət və hökumət başçılarının müntəzəm görüşlərini keçirməyə davam edəcək və sammitlər arasında NATO üzvləri ortaq təhlükəsizliyimizlə bağlı məsləhətləşmələrə, planlaşdırmalara və qərarlar qəbul etməyə davam edəcəklər".

İki mənbə Trampı amil kimi qeyd etsə də, bir neçəsi daha geniş mülahizələrin rol oynadığını qeyd edib.

"Pis sammitlərdən daha az sammit keçirmək daha yaxşıdır. Bizim kifayət qədər işimiz var və nə etməli olduğumuzu bilirik", onlardan biri deyib.

Daha əvvəl bildirilirdi ki, Trampın qisas almaq istədiyi iddia edilən "itaətsiz" NATO ölkələrinin siyahısını tərtib edib.

Daha sonra media Pentaqonun iddia edilən məktubunun təfərrüatlarını sızdırdı. Məktubda digər məsələlərlə yanaşı, "İspaniyanın NATO-dan çıxarılması" da təklif olunurdu. Lakin bu, Alyans daxilində qərarların yekdilliyi prinsipinə görə hüquqi cəhətdən mümkün deyil.

NATO-nun Türkiyədə keçiriləcək sammitinin ləğv edilməsinə işarə vurulur. NATO-nun illik sammitlərinin ləğv olunması məsələsinin məhz Türkiyədə keçiriləcək sammit ərəfəsində qaldırılması təsadüfdürmu? Yəni söhbət bu ərəfədə başlayıb. Sammit iyul ayında keçirilməlidir. İllik sammitin təxirə salınması, yaxud illik keçirilməməsi, iki ildən bir keçirilməsi məsələsinin indi gündəmə gətirilməsi, Türkiyədə keçiriləcək NATO sammitinə iki-üç ay qalmış aktuallaşdılması təsadüfdürmü? Ola bilərmi ki, NATO kuluarlarında ümumiyyətlə NATO-nun Türkiyədəki sammitinin təxirə salınması kimi bir ideya olsun?

NATO-nun İyulda Türkiyədəki sammiti ləğv oluna bilər?

Siyasi şərhçi Azər Həsrət baki-xeber.com-a bildirdi ki, o bu sammitin ləğv ediləcəyini düşünmür: “Çünki elə bir zirvə görüşünü ləğv etmək üçün qərarı NATO zirvə görüşündə qəbul etmələri lazımdır. O görüş keçirilməlidir və ondan sonra zirvə görüşlərinin iki, yaxud üç ildən bir keçirilməsi barədə qərar qəbul olunmalıdır. Düşünürəm ki, bu monipulyasiyanı edənlər qardaş Türkiyə gözdən salmaq məqsədi güdür.

Digər bir tərəfdən ABŞ-ın NATO ilə bağlı davranışları müəyyən boşluqlar yaradıb. Yəni faktiki olaraq Amerika NATO-dan məsafəli davrandığını göstərir, yaxud prezident Tramp NATO ilə bağlı kinayəli sözlər işlədir, paylaşımlar edir. Hətta İran hərəkatında NATO-nun məsafəli davranması, yaxasını kənara çəkməsini Tramp yaxşı qarşılamadı və onlara daim atmacalar atırdı. Yəni bu məsələlər var və ona görə də belə monipulyasiyalar edilir. Amma ümumikdə götürdükdə bu zirvə görüşü ləğv edilsə, yaxud ertələnsə belə bu qardaş Türkiyə ilə bağlı deyil”.

A.Həsrət hesab edir ki, Türkiyə ilə bağlı belə bir məsələnin olması üçün səbəb də yoxdur. Onun fikrincə, ola bilsin ki, heç zirvə görüşü keçirilmədən də sammitin ertələnməsi ilə bağlı qərar qəbul edilsin, o zaman da yəqin ertələnmiş zirvə görüşü yenidən Türkiyədə keçirilmiş olacaq. “Çünki sıra ilə Türkiyənin növbəsidir. Bu il olmasa da, gələn il zirvə görüşü keçiriləndə bu yenə də Türkiyədə keçiriləcək. Yəni Türkiyə ilə bağlı olduğunu ehtimal etmirəm”-deyə A.Həsrət qeyd etdi.

İradə SARIYEVA

Chosen
17
baki-xeber.com

1Sources